media-inshot_20251217_124949143

Yeni il ərəfəsində paytaxtda və regionlarda fəaliyyət göstərən bir sıra restoranlarda qiymətlərin nəzərəçarpacaq dərəcədə artması müzakirələrə səbəb olub. Bayram günlərində ictimai iaşə obyektlərinə tələbatın yüksəlməsi, menyuların yenilənməsi və xidmət paketlərinin genişləndirilməsi qiymət dəyişikliklərini daha çox nəzərə çarpan edir.

Bəs Yeni il ərəfəsində restoranlarda müşahidə olunan bu qiymət artımları əsasən mövsümi tələbat və artan xərclərlə bağlıdır, yoxsa burada süni qiymət şişirtməsi amili də rol oynayır?

Bu barədə iqtisadçı Natiq Cəfərli Patrul.az-a açıqlamasında bildirib ki, restoran sahibi qiyməti qanun çərçivəsində sərbəst müəyyən edir və süni qiymət artımı anlayışı mövcud deyil:

“Restoranlarda süni qiymət artımı mümkün deyil. Süni qiymət artımı anlayışı biznesə aid deyil. Restoran sahibi istədiyi məhsulu istədiyi qiymətə təklif edə bilər və qanunla buna dair hər hansı qadağa yoxdur. Onun əsas öhdəliyi qazancından düzgün vergi ödəmək və satdığı yeməklərin, hazırladığı məhsulların insan sağlamlığına uyğun olmasıdır. Yəni zərərli məhsulların istifadəsinə yol verilməməlidir”.

media-img-20251217-wa0031

Ekspertin sözlərinə görə, restoranlarda qiymət artımı süni deyil, artan ərzaq qiymətləri və əmək xərcləri ilə bağlıdır və bu proses bazar rəqabəti şəraitində baş verir:

“Ümumiyyətlə, “süni qiymət artımı” anlayışı bazar iqtisadiyyatında mövcud deyil. Azərbaycanda süni qiymət artımından söhbət gedirsə, deməli, inhisarçılıq var və bazarda süni oyunçuların sayı kifayət qədər azdır. Lakin restoran sektorunda bu anlayış keçərli deyil. Bakının demək olar ki, hər yerində restoran və kafelər kifayət qədər çoxdur və rəqabət mövcuddur. Qiymətlərin artmasının əsas səbəbi ərzaq məhsullarının bahalaşması və əmək haqqı bazarında yaranan problemlərdir. İnsanlar daha çox qazanmaq istəyir, çünki ümumi xərclər artır. Restoranlarda da qiymət artımı məhz bu proseslərlə paralel şəkildə baş verir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər