Bayramqabağı bahalaşma nə qədər davam edəcək? - İQTİSADÇI RƏYİ
Bayramqabağı qiymətlərdə kəskin artım müşahidə olunur. Bahalaşma nə qədər davam edəcək və qarşısını necə almaq olar?
Patrul.az mövzu ilə bağlı iqtisadçı Akif Nəsirlinin fikirlərini öyrənib.
O xatırladıb ki, bayramqabağı qiymətlərdə artım adətən hər il təkrarlanan və müvəqqəti bir haldır:
“İnsanlar bayram ərəfəsində ərzaq və digər məhsulları daha çox aldığından tələb artır, təklif isə sabit qaldığı üçün qiymətlər qalxır. Eyni zamanda, bazarda kifayət qədər satıcı olmadıqda və ya idxal xərcləri, valyuta məzənnəsi, daşımacılıq xərcləri yüksəldikdə məhsullar daha baha satılır”.

İqtisadçı bildirib ki, bahalaşma adətən bayramdan 1–2 həftə əvvəl sürətlə artır, lakin bayramdan sonra tələbin azalması ilə qiymətlər əvvəlki səviyyəyə yaxınlaşır:
“Yəni bu artım uzunmüddətli deyil və əsasən bayram tələbatına bağlıdır.
Bahalaşmanın qarşısını almaq üçün dövlət yarmarkalar və subsidiyalar təşkil edə, bazarı izləyib süni qiymət artımlarına qarşı tədbir görə bilər. Rəqabəti artırmaq, topdan satış bazarına daha çox oyunçunun daxil olması və istehlakçıların qiymətləri müqayisə edib sərfəli təklifləri seçməsi də qiymətlərin stabilləşməsinə kömək edir.
Ümumiyyətlə, bayramqabağı bahalaşma müvəqqətidir və bayramdan sonra qiymətlər tədricən azalır.
Kasıblara məsləhətim budur ki, bayramı yanvarın 4-5-i günləri keçirsinlər. O halda onlar xərclərinə ən azı 50% qənaət edə bilərlər. Biz də adətən qonaqları həmin günlərdə dəvət edirik, çünki kasıb təbəqəyə aidik. Bu qonaqların da xoşuna gəlir, amma bilmirlər ki, bu gec dəvətin altında ailə büdcəsinə qənaət amacı durur”,– deyə o əlavə edib.
Ləman Sərraf






