Beyin əməliyyatı keçirən qadın klarnet çaldı - VİDEO
İngiltərədə 65 yaşlı qadın beyin əməliyyatı zamanı klarnet çalıb.
Patrulaz.az “BBC”yə istinadla xəbər verir ki, İngiltərənin Kembridg şəhərində yaşayan 65 yaşlı Deniz Bekon adlı qadın Parkinson xəstəliyinə görə beyin əməliyyatı olunub. Əməliyyat zamanı o, narkozsuz şəkildə oyaq qalaraq klarnetdə musiqi ifa edib.
Məlumata görə, bu əməliyyat dərin beyin stimulyasiyası (DBS) adlanır. Bu prosedur zamanı beynin hərəkətləri idarə edən hissəsinə incə elektrodlar yerləşdirilir və zəif elektrik cərəyanı verilir. Məqsəd sinir siqnallarını tənzimləyərək xəstəliyin yaratdığı titrəmələri və əzələ sərtliyini azaltmaqdır.
Əməliyyatdan uğurlu çıxan Deniz Bekon ifa zamanı barmaqlarında ani rahatlama hiss etdiyini bildirib:
“Mən xatırlayıram ki, stimulyasiya tətbiq edildikdən sonra sağ əlim daha rahat hərəkət edə bildi və bu da öz növbəsində klarnet çalmaq qabiliyyətimi yaxşılaşdırdı və bundan çox məmnun oldum”, – deyə o vurğulayıb.
Əməliyyat dörd saat davam edib və xəstə bütün proses boyu oyaq olub. Həkimlərin sözlərinə görə, xəstənin ifası elektrodların beynin doğru nöqtəsinə yerləşdirilməsinə kömək edib, bu da əməliyyatın uğurla nəticələnməsini təmin edib.
Qeyd edək ki, Deniz Bekona 2014-cü ildə Parkinson xəstəliyi diaqnozu qoyulub. Xəstəlik onun yerimə, üzmə, rəqs etmə və musiqi alətində ifa etmə qabiliyyətini xeyli məhdudlaşdırıb.
Gülbəniz Səfərova






