Beyin ölümü diaqnozu qoyulan qadın dünyaya uşaq gətirdi
ABŞ-də beyin ölümü diaqnozu qoyulan qadının körpəsi dünyaya gəlib.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, ABŞ-nin Corciya ştatında beyin ölümü diaqnozu qoyulan 31 yaşlı hamilə tibb bacısı Adriana Smitin körpəsi qeysəriyyə əməliyyatı ilə vaxtından əvvəl doğulub.
Onun anasının sözlərinə görə, Adriana fevral ayında şiddətli baş ağrıları səbəbilə xəstəxanaya aparılıb, lakin müayinədən sonra evə buraxılıb. Növbəti gün nəfəs almaqda çətinlik çəkib və xəstəxanada aparılan müayinələr nəticəsində beynində qan laxtası olduğu müəyyən edilib. Qısa müddət sonra ona beyin ölümü diaqnozu qoyulub.
31 yaşlı tibb bacısı Adriana Smitin dünyaya gətirdiyi Chance adlı oğlunun çəkisi cəmi 0,8 kiloqramdır və hazırda neonatal reanimasiya şöbəsində saxlanılır.
Həkimlər körpənin vəziyyətinin stabil olduğunu, yaşamaq uğrunda mübarizə apardığını bildiriblər.
Qeyd edək ki, ABŞ-nin Corciya ştatının qanunlarına əsasən, ananın bətnində dölün ürək döyüntüləri qeydə alındıqdan sonra abort etmək qadağandır. Bu səbəbdən həkimlər qadını həyat dəstəyindən ayıra bilməyib və onun bədəni körpənin doğulmasına qədər süni şəkildə yaşadılıb.
Gülbəniz Səfərova






