media-img-20260702-wa0119

“Şübhəsiz ki, İsrail öz tarixində ən yanlış və zərərli qərarlardan birini verdi. Hazırkı şəraitdə qondarma erməni soyqırımını tanımasının İsrailin dövlət maraqları baxımından praktik olaraq heç bir faydası yoxdur. Bu, sadəcə olaraq hansısa emosiyaları sakitləşdirmək və ya mənəvi baxımdan müəyyən qisas niyyətlərini həyata keçirmək üçün verilmiş qərardır. Ola bilsin ki, İsrail cəmiyyətində də bu qərara ciddi reaksiya verilməyəcək. Lakin ictimaiyyət bu qərarın İsrail dövlətinin maraqlarına nə dərəcədə uyğun olduğu sualını yəqin ki, hökumətə ünvanlayacaq. Çünki qondarma erməni soyqırımının məhz indi tanınması İsrailin özünə qarşı sualların sayını artırır. Maraqlıdır ki, İsrail indiyədək qondarma erməni soyqırımını niyə tanımayıb? Nə üçün məhz indiki şəraitdə tanıdı?”

Bu fikirləri Patrul.az-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev İsrailin qondarma erməni soyqırımını tanıyan qətnamə layihəsini 28 iyun 2026-cı ildə yekdilliklə qəbul etməsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, İsrailin məhz indi qondarma erməni soyqırımını tanımasının əsas səbəbi türk mənşəli ölkələrin Fələstin məsələsində tutduğu mövqedir və buna görə də “qisas” xarakteri daşıyır:

“Əgər Tel-Əviv hökuməti tarixdə baş vermiş soyqırımlar məsələsinə bu qədər ciddi və obyektiv yanaşırsa, o zaman niyə Ukraynada 1932–1933-cü illərdə baş vermiş Holodomoru soyqırımı kimi tanımaqdan imtina edib? Bunun səbəbi odur ki, rəsmi Kiyev Fələstin dövlətinin müstəqilliyini dəstəkləyir. Bundan başqa, Ukrayna BMT-də Fələstin məsələsi müzakirə olunarkən dəfələrlə İsrailin əleyhinə mövqe nümayiş etdirib. Bu baxımdan İsrail Kiyevdən qisas almaq məqsədilə Holodomoru soyqırımı kimi tanımayıb.

Bu gün də İsrailin fəaliyyətində eyni qisas motivlərini görürük. Guya İrana qarşı müharibədə və Fələstin məsələsində İsraili müdafiə etməyən Türkiyədən qisas almaq məqsədilə qondarma erməni soyqırımının məhz indi tanınması olduqca düşünülməmiş və zərərli addımdır. Təhlillər göstərir ki, İsrailin qondarma erməni soyqırımını məhz indi tanıması onun Türk dünyasından qisas almaq niyyətindən başqa bir şey deyil. Türkiyə İrana qarşı müharibədə İsrailin əleyhinə mövqe tutdu. Belə bir şəraitdə qondarma erməni soyqırımının tanınması qisasdan başqa hər hansı məna daşımayan addım kimi qiymətləndirilməlidir”.

media-whatsapp-image-2026-07-02-at-18-09-47

Siyasi şərhçi Ermənistanın baş naziri Nikol Paşinyanın da İsrailin bu qərarına münasibətini yüksək qiymətləndirib:

“Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da bu addıma fərqli yanaşdı. Onun İsrailin qondarma erməni soyqırımını tanımasına reaksiyası reallığa uyğun idi. Belə ki, Paşinyan artıq dövlətin xarici siyasətində bu məsələnin prioritet olmadığını nümayiş etdirib və onu ikinci, hətta üçüncü dərəcəli məsələlər sırasına keçirib. Digər tərəfdən, o, qondarma erməni soyqırımının dünyada tanınmasından daha çox Ermənistanın regional blokadadan çıxarılması üzərində düşünür və bu baxımdan Türkiyə ilə münasibətlərin əhəmiyyətini yaxşı anlayır. Buna görə də Paşinyan İsrailin Baş naziri Benyamin Netanyahunun addımına kifayət qədər təmkinli reaksiya verdi. O bildirdi ki, indiki şəraitdə bu məsələnin yenidən gündəmə gətirilməsi Ermənistanın maraqlarına uyğun deyil.

Başqa sözlə, Paşinyan bu məsələdə Netanyahudan daha uzaqgörən mövqe nümayiş etdirdi. Çünki yaxşı anlayır ki, qondarma erməni soyqırımı məsələsinin yenidən aktuallaşdırılması Cənubi Qafqazda başlanan sülh prosesinə mənfi təsir göstərə bilər. Bu prosesin əsas iştirakçıları isə Azərbaycan, Ermənistan və Türkiyədir. Belə şəraitdə bu mövzunun yenidən müzakirəyə çıxarılması həm regional sülhə zərbə vurur, həm Ermənistanın dövlət maraqlarına praktik fayda vermir, həm də İrəvan-Ankara münasibətlərindəki normallaşma prosesinə maneələr yaradır. Buna görə də Paşinyanın bu məsələyə ehtiyatlı yanaşması doğru mövqe kimi qiymətləndirilə bilər. O, bir tərəfdən Türkiyə ilə sərhədlərin açılmasına üstünlük verir, digər tərəfdən isə qondarma soyqırımı tam inkar etmir ki, ölkə daxilində radikal qüvvələrin fəallaşmasına səbəb olmasın. Bütün bunlar göstərir ki, Paşinyanın mövqeyi hər halda Netanyahunun qəbul etdiyi qərardan daha uzaqgörəndir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər