media-img-20260623-wa0024

Meksikalı rəssam Frida Kahlonun siması bu gün artıq təkcə sənət dünyasının deyil, həm də qlobal populyar mədəniyyətin ən tanınan obrazlarından birinə çevrilib. Sadələşdirilmiş və stilizə olunmuş şəkildə onun təsvirinə köynəklərdə, çantalarda, göz maskalarında, telefon qablarında, mətbəx aksesuarlarında və hətta dibçəklərdə belə rast gəlmək mümkündür.

Patrul.az xarici mətbuata istinadən xəbər verir ki, Frida Kahlonun həyat və yaradıcılığına həsr olunmuş “Frida: Bir İkonanın Yaranışı” adlı böyük sərgi yaxın günlərdə Londondakı “Tate Modern” muzeyində açılacaq. Sərgi açılmamışdan əvvəl artıq 41 mindən çox bilet satılıb. Bu göstərici sərgini muzey tarixində ən çox əvvəlcədən bilet satılan layihəyə çevirib. Əvvəlki rekord 2017-ci ildə keçirilən David Hockney retrospektiv sərgisinə məxsus idi.

Bu maraq Frida Kahlonun illər keçsə də dünya üzərində təsir gücünü qoruduğunu göstərir. O, sərhədləri aşan sənəti, şəxsi həyatının ən ağrılı məqamlarını belə gizlətmədən təsvir etməsi və güclü xarakteri ilə milyonlarla insanın rəğbətini qazanıb. Eyni zamanda, Meksika incəsənətinin beynəlxalq səviyyədə tanınmasına da mühüm töhfə verib.

Bununla belə, bəzən elə görünür ki, onun ən böyük mirası sənətindən çox simasının kommersiya məhsuluna çevrilməsidir. Xüsusilə də qalın birləşmiş qaşları və fərqli görünüşü bu gün qlobal brendə çevrilib.

Yeni sərgi də məhz bu fenomeni araşdırır və belə bir sual ortaya qoyur: Frida Kahlonun xarici görünüşü necə bu qədər satış potensialına malik simvola çevrildi? Kütləvi istehlak üçün hazırlanan bu məhsullar onun irsinin əsl mənasını və gücünü kölgədə qoyurmu?

media-img-20260623-wa0023

“Fridamaniya” nədir?

Rəssamların avtoportretlərinin geyim və aksesuarlarda istifadə olunması yeni hal deyil. Lakin Frida Kahlo ilə bağlı vəziyyət fərqlidir. Burada təkcə onun məşhur rəsmləri deyil, həm də şəxsi görünüşü müstəqil simvol kimi istifadə olunur.

Qırmızı dodaqlar, qara gözlər, birləşmiş qaşlar və çiçəklərlə bəzədilmiş tünd saçlar – hətta minimal təsvirlərdə belə bu obrazın Frida Kahloya aid olduğunu dərhal anlamaq mümkündür. Hələ 1970-ci illərdən etibarən onun siması reklam lövhələrində görünməyə başlayıb və moda sənayesində istifadə olunub.

Bu gün isə Fridanın obrazı artıq kiçik sənətkarların məhsulları ilə məhdudlaşmır. Dünyaca məşhur markalar, o cümlədən Forever 21, Mattel və Vans onun təsviri olan məhsullar istehsal edirlər.

Fridanın sənəti ilə xarici görünüşünün bu şəkildə birləşməsi onu demək olar ki, kult statusuna malik bir simvola çevirib. Onun rəngarəng geyim tərzi, çiçəkli saç düzümü və fərqli görünüşü vizual olaraq asan tanınan və təkrar istehsal edilə bilən obraz yaradıb.

Bundan əlavə, Frida Kahlonun qalın qaşları və özünü olduğu kimi təsvir etməsi müasir dövrdə süni gözəllik standartlarına qarşı çıxan yanaşmalarla da üst-üstə düşür. Bir çox insan üçün onun siması təbii görünüşü qəbul etməyin, fərqliliyi gizlətməməyin və cəmiyyətin diktə etdiyi gözəllik meyarlarına qarşı durmağın rəmzinə çevrilib.

Digərləri isə onu fərqli düşünən, cəmiyyətə sığmayan insanların simvolu kimi görür. Frida Kahloya aid olduğu deyilən məşhur bir fikir bunu yaxşı ifadə edir:

“Mən əvvəllər dünyanın ən qəribə insanı olduğumu düşünürdüm. Sonra anladım ki, haradasa mənim kimi başqa insanlar da var. Əgər bunu oxuyursansa, bil ki, mən buradayam və sənin qədər qəribəyəm.”

Məhz bu səbəbdən Frida Kahlo bu gün sadəcə rəssam deyil, fərqliliyin, özünü qəbul etməyin və fərdi azadlığın qlobal simvollarından biri hesab olunur.

Ləman Sərraf


Bənzər xəbərlər