media-inshot_20260512_175642083

İmtahan prosesində şəffaflığın və ədalətli qiymətləndirmənin qorunması üçün qayda pozuntularına qarşı nəzarət tədbirləri hər il daha da sərtləşdirilir. Xüsusilə köçürmə cəhdləri, qadağan olunmuş vasitələrdən istifadə və digər intizam pozuntuları aşkarlananda tətbiq edilən sanksiyalar həm abituriyentlər, həm də tələbələr arasında ciddi müzakirə mövzusuna çevrilir. Bu hallarda imtahan nəticəsinin taleyi, toplanmış balların ləğvi və şəxsin yenidən imtahana buraxılması ilə bağlı prosedurlar isə çoxlarını maraqlandırır.

Köçürmə və ya digər qayda pozuntusuna görə imtahandan xaric edilən şəxslərin nəticəsi tamamilə ləğv olunurmu? Belə hallarda toplanmış ballar silinirmi və həmin şəxslər nə qədər müddətdən sonra yenidən imtahanda iştirak edə bilirlər?

Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, qayda pozuntusuna görə imtahandan xaric edilən abituriyentin nəticəsi ləğv olunur və o, yalnız növbəti tədris ilində yenidən imtahan verə bilir:

“Dövlət İmtahan Mərkəzinin (DİM) müəyyən etdiyi təlimatlara əsasən, imtahan zalına mobil telefon, konspekt və ya hər hansı digər yardımçı vasitə gətirmək, yaxud köçürməyə cəhd etmək abituriyentin taleyini ciddi şəkildə dəyişir.

Əgər bir abituriyent qayda pozuntusuna görə imtahandan xaric edilirsə, onun həmin imtahan üzrə topladığı bütün ballar ləğv edilir və nəticəsi “0” hesab olunur. Bu, sadəcə bir imtahanın itirilməsi demək deyil. Qaydaları pozan şəxs cari ilin digər qəbul imtahanlarına (məsələn, növbəti şans imtahanlarına və ya digər mərhələlərə) buraxılmır. Bir sözlə, həmin abituriyent üçün cari ildə ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq imkanı tamamilə bağlanır.

Bu şəxslər yalnız növbəti tədris ilində yenidən qeydiyyatdan keçərək imtahan verə bilərlər”.

media-img-20260415-wa0047

Ə.Həsənli qeyd edir ki, qayda pozuntusu bəzən imtahandan sonra aşkarlansa belə, abituriyentin nəticəsinin və hətta qəbulunun ləğvi ilə nəticələnə bilər:

“Bu cür sərt tədbirlər imtahanın obyektivliyini qorumaq və hər bir abituriyentin öz biliyi ilə rəqabət aparmasını təmin etmək üçündür. Ona görə də abituriyentlər yadda saxlamalıdırlar ki, qaydaları pozmaq bütöv bir hazırlıq ilinin və çəkilən zəhmətin boşa getməsi ilə nəticələnir.

Abituriyentlər və valideynlər çox vaxt elə düşünürlər ki, qayda pozuntusu yalnız zalda aşkarlandıqda nəticə ləğv edilir. Lakin müasir imtahan prosesində texniki nəzarət və video-müşahidə qeydlərinin təkrar araşdırılması imtahandan sonra da bu faktın üzə çıxmasına şərait yaradır. Əgər sonradan hər hansı bir köçürmə və ya kənar müdaxilə halı sübuta yetirilərsə, həmin abituriyentin nəinki balı silinir, hətta artıq ali məktəbə yerləşmiş olsa belə, qəbul nəticələri ləğv edilə bilər. Bu, imtahanın hüquqi çərçivəsinin nə qədər kompromissiz olduğunu göstərir”.

Təhsil ekspertinin sözlərinə görə, bir illik uzaqlaşdırma yalnız nəticənin deyil, abituriyentin motivasiyası və gələcək planlarının da ciddi zərər görməsi deməkdir:

“Digər tərəfdən, bu cür halların mənəvi və psixoloji yükü də az deyil. Bir il müddətinə imtahanlardan uzaqlaşdırılmaq abituriyentin həm akademik hazırlıq tempinə, həm də gələcək motivasiyasına ciddi zərbə vurur. Qanunvericilik növbəti il üçün imtahan vermək hüququnu saxlasa da, itirilmiş zamanın bərpası və yaranan “boşluq” tələbə namizədinin rəqabət qabiliyyətini aşağı salır. Bu səbəbdən, ən aşağı balla belə öz zəhməti ilə müsabiqədə iştirak etmək, qayda pozuntusu ilə bütöv bir ili itirməkdən qat-qat üstün və təhlükəsizdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər