Bir panel, iki ölkə, yeni mərhələ: Əliyev və Xaçaturyanın Davos dialoqu
Tarixi sülh sazişinin imzalanmasından sonra ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Vaaqan Xaçaturyan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda “Euronews”un panelində birgə çıxış ediblər.
Patrul.az “Euronews”a istinadən xəbər verir ki, panel müzakirəsi zamanı Prezident İlham Əliyev Ermənistanla əldə olunmuş sülh razılaşmasını “Ermənistan, Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün böyük fayda” kimi qiymətləndirib.
Dövlət başçısı bildirib ki, Azərbaycan əvvəlcə ədaləti, beynəlxalq hüququ, suverenliyini və ərazi bütövlüyünü bərpa edib, bundan sonra isə sülh mərhələsinə keçib.
“Biz bunu etdik, sonra sülhə nail olduq və dayandıq. Bu gün iki ölkə birlikdə Avrasiyanı dəyişdirir”, – deyə İlham Əliyev vurğulayıb.
Ermənistan Prezidenti Vaaqan Xaçaturyan isə çıxışında sülhün əldə olunmasında nümayiş etdirilən siyasi iradəyə görə Ermənistanın Baş naziri Nikol Paşinyana və İlham Əliyevə təşəkkür edib. O, bildirib ki, Əliyevin dediklərinə əlavə edəcəyi xüsusi bir məqam yoxdur, çünki eyni mövqeni bölüşür.
Xaçaturyan sülh prosesinin real nəticələrinə toxunaraq qeyd edib ki, artıq İrəvan sakinləri avtomobilləri üçün Azərbaycan yanacağı ala bilirlər. Onun sözlərinə görə, bir neçə il əvvəl bu cür bir fikrin səsləndirilməsi düşmənçiliklə qarşılanardı, lakin hazırda regionda tamamilə yeni reallıq formalaşıb.
“Şükürlər olsun ki, hər iki ölkənin liderləri bu yolu – gələcəyi və xalqlarımızın sülhünü seçiblər”, – deyə Ermənistan Prezidenti bildirib.
Paneldə çıxış edən Serbiya Prezidenti Aleksandr Vuçiç də Azərbaycanı, Ermənistanı və region ölkələrini daha sıx əməkdaşlığa çağırıb. O, müasir dünyada kiçik dövlətlərin birgə hərəkət etməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, bu panel müzakirəsi 30 illik münaqişəyə son qoyan tarixi sülh sazişindən sonra Azərbaycan və Ermənistan liderlərinin ilk birgə ictimai çıxışı olub.






