media-7f178a40-63af-4dca-a785-748da5529be5

Qəzza zolağında İsrailin tətbiq etdiyi sərt blokada nəticəsində ərzaq ehtiyatları tamamilə tükənib, milyonlarla insan aclıq təhlükəsi ilə üz-üzə qalıb.

Patrulaz.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) yaydığı rəsmi açıqlamada Qəzzada son ərzaq ehtiyatlarının da tükəndiyi, isti yemək hazırlayan mətbəxlərə göndərildiyi və bu resursların da yaxın günlərdə bitəcəyinin gözlənildiyi bildirilir.

“Martın 31-də ÜƏP-nin dəstəklədiyi bütün 25 çörək zavodu buğda unu və yemək yanacağı tükəndiyi üçün fəaliyyətini dayandırdı”, – deyə təşkilatın bəyanatında qeyd olunub. Açıqlamaya görə, Qəzzaya ərzaq yardımı çatdırmaq üçün hazırda sərhədlərdə 116 min metrik ton ərzaq ehtiyatı gözləyir. Lakin sərhədlərin bağlı qalması yardımın qarşısını alır.

BMT qurumu tərəflərə çağırış edərək bildirib: “Əgər sərhədlər yardım və ticarət üçün açılmazsa, ÜƏP-nin həyati əhəmiyyətli əməliyyatları dayandırıla bilər”.

Digər tərəfdən, Qəzzadakı Fələstin hökuməti də açıqlama yayaraq, vəziyyətin humanitar fəlakət həddini keçdiyini bildirib və beynəlxalq ictimaiyyəti təcili humanitar dəhliz yaratmağa çağırıb: “Qəzzada aclıq artıq təhdid deyil, acı reallıqdır”, – deyə bəyanatda vurğulanıb. Qeyd olunub ki, blokada nəticəsində 50-si uşaq olmaqla 52 nəfər aclıqdan həyatını itirib, 60 mindən çox uşaq isə ağır qida çatışmazlığından əziyyət çəkir.

Qeyd edək ki, “Jerusalem News Network” platformasında yayımlanan görüntülərdə Qəzzanın Xan Yunus şəhərində 5 yaşlı Üsamə Rakabın aclıq səbəbilə ciddi zəiflədiyi və sümüklərinin sayıldığı açıq şəkildə görünür. Bu görüntülər Qəzzadakı humanitar vəziyyətin nə qədər ağır olduğunu bir daha təsdiqləyir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər