Məktəbdə müəllimə bıçaq çəkən yeniyetmələr həbs olundu
Türkiyədə müəllimə hücum edən iki yeniyetmə həbs edilib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Samsunun İlkadım rayonunda texniki liseyə daxil olaraq müəllimə hücum edən və bıçaq çəkən iki yeniyetmə, 17 yaşlı M.F.C. və 16 yaşlı A.E.K. məhkəmə qərarı ilə həbs edilib.
Hadisə Atatürk Texniki və Peşə Anadolu Liseyində baş verib. Daha əvvəl bir şagirdi bıçaqladığı üçün məktəbdən qovulan M.F.C., dostu A.E.K. ilə birlikdə məktəbə daxil olub və tualetdə gizlənib. Onları görən şagirdlərin xəbər verməsi ilə növbətçi müəllim Umut Deniz Mert həmin şəxslərlə üzləşib və onları məktəbi tərk etməyə çağırıb.
Müəllimə qarşı aqressiv davranan yeniyetmələr ona fiziki təzyiq göstərərək bıçaqla təhdid edib və daha sonra məktəbin həyətindən qaçıblar. Yaralanan müəllim təcili yardım maşını ilə Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılıb və müalicə alıb.
Samsun Təhlükəsizlik Müdirliyinin Uşaq Şöbəsi əməkdaşları tərəfindən saxlanılan yeniyetmələr barəsində “qəsdən xəsarət yetirmə” və “təhdid” ittihamı ilə cinayət işi açılıb. Onlar bu gün məhkəməyə çıxarılaraq Kavak Uşaq Qapalı Həbsxanasına göndəriliblər.
Qeyd edək ki, hadisənin təfərrüatları ölkədə məktəblərdə təhlükəsizlik və şagirdlərin psixoloji vəziyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Gülbəniz Səfərova