media-inshot_20260713_091912675

Fransada hökm sürən anomal isti hava şəraiti ölkənin enerji sistemində və gündəlik həyatında ciddi fəsadlara yol açıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən enerji nəhəngi Électricité de France şirkəti çay ekosistemlərini qorumaq məqsədilə 3 nüvə reaktorunu müvəqqəti olaraq tamamilə söndürməyə, əlavə 8 reaktorun isə işçi gücünü azaltmağa məcbur olub.

Məhdudiyyətlərə səbəb nüvə stansiyalarının reaktorları soyutmaq üçün yaxınlıqdakı çayların suyundan istifadə etməsi və qızmış suyu yenidən həmin çaylara axıtmasıdır.

Məlumata görə, Garon çayı sahilində yerləşən “Golfech” nüvə stansiyasında çay suyunun temperaturu kritik 28°C limitini keçdiyi üçün 2 nömrəli reaktorun fəaliyyəti dayandırılıb. Ron çayı sahilindəki “Bugey” stansiyasının 4 və 5-ci bloklarında xüsusi soyutma qüllələri olsa da, birbaşa çay suyu ilə soyudulan 2 və 3-cü blokların istiyə qarşı həssas olduğu bildirilir. Həmçinin Meuse çayı sahilindəki “Chooz” stansiyasının da bir reaktoru söndürülüb.

Qeyd edək ki, Fransada fəal vəziyyətdə 57 nüvə reaktoru mövcuddur və onlar ölkənin ümumi elektrik ehtiyacının təxminən 70 faizini təmin edir. Soyutma prosesini asanlaşdırmaq üçün bu stansiyaların hamısı çayların və ya dənizlərin sahilində inşa edilib.

Ümumlikdə Fransada isti hava dalğası başlayandan bəri 1 000-dən çox ölüm qeydə alınıb. Ölənlərin əksəriyyəti 65 yaşdan yuxarı ahıllar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərdir. Bundan əlavə, istidən qorunmaq üçün çaylara və kanallara axışan insanlardan 139 nəfəri bədbəxt hadisə nəticəsində suda boğularaq dünyasını dəyişib.

Meteomüşahidələrə görə, anomal istilərin pik nöqtəsində Fransanın bəzi bölgələrində havanın temperaturu rekord vuraraq 43°C ilə 46°C arasına yüksəlib. Nüvə reaktorlarının bağlandığı gün 25 milyondan çox əhalinin yaşadığı ərazilərdə temperatur 40-41°C təşkil edib.

Yaranmış kritik vəziyyətlə əlaqədar Fransa hökuməti ölkənin 37 departamentində ən yüksək – “Qırmızı” təhlükə rejimi, 46 departamentində isə “Narıncı” xəbərdarlıq rejimi elan edib. Həmçinin risk qrupuna daxil olan həssas insanları qorumaq üçün ölkə tarixində ilk dəfə olaraq xüsusi “Ekstremal istilər üçün dövlət yardım planı” işə salınıb.­

Gülbəniz Səfərova


Bənzər xəbərlər