"Bu forum Azərbaycanın qlobal informasiya siyasətindəki mövqeyini daha da gücləndirəcək" - Bəhruz Məhərrəmov
Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq dialoq və qlobal müzakirələrin keçirildiyi nüfuzlu platformalardan birinə çevrilib. Bu il keçirilən IV Şuşa Qlobal Media Forumu da dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və rəsmi şəxsləri bir araya gətirərək informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və medianın sülhün qurulmasındakı rolu kimi mühüm məsələləri gündəmə çıxarıb. Bəs bu forumun beynəlxalq əhəmiyyəti nədən ibarətdir və Azərbaycanın qlobal informasiya siyasətində hansı rolu oynayır?
Patrul.az mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun fikirlərini öyrənib.
Deputat bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumu artıq regional çərçivəni aşaraq qlobal informasiya siyasətinin mühüm müzakirə platformalarından birinə çevrilib:
“Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ‘Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması’ mövzusunda 4-cü Şuşa Qlobal Media Forumunun keçirilməsi təkcə regional deyil, həm də qlobal miqyasda beynəlxalq hüququn aliliyinin, informasiya təhlükəsizliyinin təmin olunması və etimad mühitinin bərpası istiqamətində fundamental doktrinal platforma rolunu oynayır. Dünyanın 54 ölkəsindən 160-a yaxın mötəbər media nümayəndəsinin, ekspertin, rəsmi şəxsin, eləcə də 30-a yaxın beynəlxalq informasiya agentliyinin və 60-dan çox aparıcı media qurumunun bu dialoqda iştirakı Azərbaycanın qlobal informasiya memarlığının formalaşdırılmasında artan rolunun və beynəlxalq nüfuzunun göstəricisidir.
Şuşa Qlobal Media Forumunun hər il beynəlxalq gündəliyin ən aktual çağırışlarına həsr olunması və qlobal intellektual elitanın toplandığı strateji mərkəzə çevrilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan postmünaqişə dövrünün reallıqlarını və beynəlxalq hüququn fundamental prinsiplərini dünya ictimaiyyətinə ardıcıl şəkildə çatdırır. Bu siyasət nəticəsində ölkəmiz artıq təkcə enerji və geosiyasi tərəfdaş deyil, həm də qlobal humanitar və informasiya diplomatiyasının əsas aktorlarından birinə çevrilib”.
Azərbaycanın qlobal informasiya siyasətində əldə etdiyi mövqeyin uzun illər ölkəmizə qarşı aparılan transmilli dezinformasiya kampaniyalarına qarşı nümayiş etdirilən strateji dayanıqlılığa, milli informasiya məkanının qorunmasına və beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə əsaslandığını vurğulayan B.Məhərrəmov əlavə edib:
“Forumun gündəliyinə daxil edilən mövzular BMT Nizamnaməsində təsbit olunan beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri ilə tam uzlaşır. Medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası kimi məsələlərin müzakirəsi BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 19-cu maddəsində nəzərdə tutulan ifadə azadlığının məsuliyyət prinsipi, eləcə də ATƏT-in Helsinki Yekun Aktının müddəaları ilə uyğunluq təşkil edir. Bu isə medianın cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsinə xidmət etməsinin hüquqi baxımdan da mühüm əhəmiyyət daşıdığını göstərir.
Eyni zamanda, transmilli xarakter daşıyan dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması çağırışları dövlətlərin suverenliyinin rəqəmsal məkanda da qorunmasının vacibliyini bir daha ön plana çıxarır”.

Millət vəkili, forumdan gözlənilən ən mühüm nəticələrdən birinin süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika sahəsində universal yanaşmaların formalaşdırılması olduğunu qeyd edib:
“Bu, UNESCO-nun informasiya və kommunikasiya sahəsində qəbul etdiyi beynəlxalq sənədlərin və İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin prinsiplərinin rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Hesab edirəm ki, qlobal informasiya təhlükəsizliyi, rəqəmsal həmrəylik və sülh gündəliyinə töhfə verməyi hədəfləyən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya siyasətini formalaşdıran mühüm intellektual əməkdaşlıq mərkəzi kimi mövqeyini daha da gücləndirəcək”.
Ləman Sərraf






