"Şuşa Qlobal Media Forumu erməni vəhşiliyinin dünyaya çatdırıldığı xüsusi platformadır" - Ceyhun Məmmədov
“IV Şuşa Qlobal Media Forumu bu gün həm dünyamızı düşündürən məsələlərin müzakirəsi, dünyada gedən proseslərin təhlili, Azərbaycan həqiqətlərinin beynəlxalq mediaya çatdırılması, həmçinin erməni vəhşiliyinin ifşası baxımından xüsusi platformadır”.
Bu sözləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bu gün Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətindən danışarkən deyib.
Millət vəkili forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin çıxışındakı əsas məqamları da şərh edib:
“Hər zaman olduğu kimi, bu dəfə də cənab Prezident IV Şuşa Qlobal Media Forumunda çox mühüm məqamlara və məsələlərə toxunaraq Azərbaycanın mövqeyini çatdırdı. Xüsusilə də AŞPA-nın və digər Avropa təsisatlarının ölkəmizə qarşı ədalətsiz yanaşması, eyni zamanda səhvlərini etiraf etmələrinin vacibliyi ilə bağlı önəmli fikirlər səsləndirdi”.

Həmsöhbətimiz 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş, ABŞ hökumətinin Azərbaycan dövlətinə birbaşa humanitar və iqtisadi yardım göstərməsini məhdudlaşdıran 907-ci düzəlişin ləğv edilməsinin vacibliyini də qeyd edib:
“Eyni zamanda dövlət başçımız 907-ci düzəlişlə bağlı çox vacib məqamlara toxundu. Təəssüf ki, həmin dövrdə bu qərar qəbul edildi. Halbuki işğalçı Ermənistan idi. Qərb bunu etiraf etməli, ABŞ isə bu düzəlişin ləğvi istiqamətində addımlar atmalıdır. İşğala məruz qalan Azərbaycan olsa da, ittiham olunan tərəf yenə də biz idik”.
“Bu gün Azərbaycan bir çox Avropa ölkəsinə qaz ixrac edir və bu sahədən əldə olunan vəsaiti müxtəlif quruculuq və abadlıq işlərinə yönəldir. Cənab Prezident Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının artdığını, o cümlədən Suriyaya qaz ixracı məsələsini də vurğuladı. Dövlət başçımız, həmçinin Amerika-Azərbaycan münasibətlərindən də danışdı”, – Millət vəkili əlavə edib.
Gülbəniz Səfərova






