“Qurani-Kərimlə taleyə baxmaq İslamda yoxdur” - Tural İrfan
Cəmiyyətimizdə uzun illərdir ki, mühüm qərar verməzdən əvvəl və ya gələcəklə bağlı narahatlıq yaşayan insanlar “Quran açdırmaq” adlandırılan üsula müraciət edirlər. Kimisi bunu qismətini öyrənmək, kimisi taleyi ilə bağlı işarə almaq, kimisi isə qarşıdakı addımın uğurlu olub-olmayacağını bilmək üçün edir. Lakin bu ənənənin İslam dinində həqiqətən yeri varmı? Görəsən, “Quran açmaq” deyə bir anlayış var? “Quran açaraq” qismət və tale barədə xəbər vermək günahdır?
Patrul.az mövzu ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrənib.
İlahiyyatçı bildirib ki, İslam dinində Quranın taleyə baxmaq və ya gələcəkdən xəbər vermək məqsədilə açılması ilə bağlı hər hansı dini əsas yoxdur:
“Qurani-Kərimdə insanların taleyi yazılmayıb. Quran ümumiyyətlə taleyə baxmaq, fal açmaq və ya gələcəkdən xəbər vermək üçün nazil edilməyib. O, insanları doğru yola yönəltmək, mənəvi dəyərləri öyrətmək və Allahın hökmlərini çatdırmaq üçün göndərilib.
Peyğəmbər Məhəmmədin (s.ə.s.) dövründə Quran indiki kimi kitab halında olmayıb. Ayələr müxtəlif materiallar üzərində qorunur, sonradan bir yerə toplanaraq kitab şəklinə salınıb. Bu baxımdan Həzrət Peyğəmbərin özünün ‘Quran açmaq’ kimi bir əməli olmayıb. Belə bir üsul onun tərəfindən nə tətbiq edilib, nə də tövsiyə olunub.
Sonrakı dövrlərdə bəzi dini çevrələrdə ‘istixarə’ anlayışı formalaşıb. Lakin istixarə taleyə baxmaq demək deyil. Onun məqsədi insanın tərəddüd etdiyi bir işdə Allahdan xeyir diləməsi, qərarında Onun yardımını istəməsidir. Bunun özü də bütün İslam alimləri tərəfindən yekdilliklə qəbul olunmur. Çünki həm Peyğəmbərin belə bir tətbiqi olmayıb, həm də Quranın fal kitabı kimi istifadə edilməsinə bənzər yanaşmalar dini baxımdan doğru hesab edilmir”.

Həmsöhbətimiz, Qurani-Kərimlə taleyə baxmaq anlayışının İslam dinində mövcud olmadığını qeyd edib:
“Bu cür iddialar irəli sürən şəxslər kitabı açaraq qarşılarına çıxan ayələri öz yozumlarına uyğun şərh edir, sonra da insanın taleyi ilə əlaqələndirməyə çalışırlar. Əslində isə deyilən fikirlər Qurandan deyil, həmin şəxsin öz ehtimallarından və subyektiv yanaşmasından qaynaqlanır. Quran burada sadəcə insanlarda inam yaratmaq üçün vasitə kimi istifadə edilir.
İslam etiqadına görə gələcəyi, qeybi və insanın taleyini tam şəkildə bilən yalnız Uca Allahdır. Hətta peyğəmbərlər də yalnız Allah onlara bildirdiyi qədər qeybi biliblər. İnsan taleyi Allahın elmində olan sirrdir və bu sirr adi insanlara açılmayıb”.
“Buna görə də gələcəkdən xəbər vermək, qismətə baxmaq, tale haqqında qəti fikirlər söyləmək həm dini baxımdan, həm də məntiq baxımından doğru deyil. İstixarə məsələsində də alimlər arasında müxtəlif fikirlər mövcuddur. Bəzi alimlər anlaşılmayan bir işdə Allahdan xeyir diləmək niyyəti ilə Quran oxumağı məqbul saysalar da, bunu taleyi öyrənmək və ya gələcək barədə hökm vermək kimi qəbul etmirlər.
Nəticə etibarilə, Qurani-Kərimi fal kitabı kimi açaraq insanın taleyi, qisməti və gələcəyi haqqında hökm vermək İslamın prinsiplərinə uyğun deyil. Bu, dini hökm deyil, sadəcə insanların intuisiya və ehtimallara əsaslanan şəxsi yozumudur”,- deyə o fikirlərini yekunlaşdırıb.
Ləman Sərraf






