media-xhit44tzknnzjipbjozixgdayu

Çinin şərq sahili ərazilərində tüğyan edən “Bavi” tayfunu kütləvi təxliyə və genişmiqyaslı fəsadlara yol açıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən regional təhlükəsizlik tədbirləri çərçivəsində 2,8 milyondan çox sakin təhlükəsiz ərazilərə köçürülüb. Çin rəsmiləri ölkə ərazisində tayfunla bağlı hər hansı ölüm halının qeydə alınmadığını bildiriblər.

Buna baxmayaraq, təbii fəlakətin regional infrastruktura vurduğu ziyan ciddi həddə çatıb. Yueqing şəhərində 1300-dən çox ağac aşıb, onlardan 700-ü kökündən qopub. Şəhər küçələrini sel suları basıb, yüksək dağlıq ərazilərdə torpaq sürüşmələri və qaya uçqunları qeydə alınıb. Sahilboyu yerləşən Kanmen balıqçı qəsəbəsində güclü külək binaların pəncərələrini dağıdıb və fərdi obyektlərə ağır ziyan vurub.

Tayfun regional nəqliyyat sistemini də iflic edib. Hangzhou şəhərindəki Xiaoshan Beynəlxalq Hava Limanında 327 uçuş, Şanxayda isə 684 aviareys ləğv olunub. Bununla yanaşı, iki böyük dəmir yolu stansiyası fəaliyyətini dayandırıb və Şanxayda ümumilikdə 1620 qatar səfəri təxirə salınıb.

Meteoroloqların məlumatına görə, bəzi ərazilərdə yağıntının kütləsi 80 santimetrə çatıb. Fırtınanın təsirinə məruz qalan Tayvanda güclü külək və leysan yağışları nəticəsində 134 nəfər xəsarət alıb. Yaralanma hallarının əksəriyyəti motosikletdən yıxılma, sürüşmə və uçan əşyaların dəyməsi ilə bağlı olub.

Qeyd edək ki, “Bavi” tayfununun Filippində gücləndirdiyi musson yağışları Mindanao adasında da kəskin torpaq sürüşmələrinə səbəb olub. Məlumata görə, təbii fəlakət nəticəsində 17 nəfər həyatını itirib, bir neçə nəfər isə itkin düşüb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər