"Boşanmaların sayını azaltmaq üçün gənc ailələrə mənzil, vergi və kredit güzəştləri verilə bilər" - Deputatdan YENİ TƏKLİFLƏR
Ölkəmizdə hər il nikah və boşanmaların sayında müəyyən dəyişikliklər müşahidə edilir. Lakin son rəsmi statistikaya əsasən, 2025-ci il ərzində ölkədə 48 546 nikah və 20 675 boşanma qeydə alınıb.
Bu rəqəmlərin nikah sayının demək olar ki, yarısına bərabər olması ailə institutu üçün ciddi siqnaldır. Ölkəmizdəki bu milli problemin qarşısını almaq üçün qanunverici orqan tərəfindən hansı tədbirlər görülməlidir?
Bununla bağlı təkliflərini Patrul.az-la bölüşən Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun fikrincə, boşanmaların azalması üçün ailə institutunun gücləndirilməsi istiqamətində bir sıra maarifləndirici işlər aparılmalıdır:
“Boşanma statistikasının artması və nikahların sayına yaxınlaşması, əlbəttə ki, ailə institutumuz üçün ciddi sosial siqnaldır. Lakin bu məsələyə yalnız hüquqi və ya statistik prizmadan deyil, sosial, psixoloji, iqtisadi və mənəvi aspektlərin vəhdəti şəklində yanaşmaq lazımdır. Ailə cəmiyyətin təməl institutudur və burada yaranan problemlər gələcək nəsillərin sağlamlığına, sosial münasibətlərə və ümumi ictimai sabitliyə birbaşa təsir göstərir.
Hesab edirəm ki, boşanmaların qarşısının alınması üçün ilk növbədə ailə institutunun gücləndirilməsi istiqamətində maarifləndirici və preventiv mexanizmlər üzərində düşünülməlidir. Bu mənada nikahdan əvvəl ailə məsuliyyəti, ünsiyyət, konfliktlərin idarə olunması, psixoloji uyğunlaşma, valideynlik və ailə iqtisadiyyatı ilə bağlı maarifləndirici hazırlıq proqramlarının tətbiqi müzakirə predmeti ola bilər. Bunun məcburi və ya təşviqedici mexanizmlərlə həyata keçirilməsi isə geniş ictimai və ekspert müzakirələrindən sonra müəyyən edilməlidir. Çünki ailə məsələsi yalnız hüquqi norma ilə idarə olunan sahə deyil, eyni zamanda insan azadlıqları və şəxsi seçimlərlə sıx bağlı mövzudur”.

Ailədə sosial rifahın da vacibliyini vurğulayan millət vəkili bildirib ki, bu istiqamətdə müəyyən güzəştlər tətbiq olunmalıdır:
“Digər tərəfdən, gənc ailələrin sosial rifahı məsələsi də xüsusi əhəmiyyət daşıyır. Mənzil təminatı, məşğulluq, maliyyə sabitliyi və gələcək təminat hissi ailədaxili münasibətlərə birbaşa təsir edən faktorlardandır. Bu baxımdan gənc ailələr üçün güzəştli mənzil imkanları, ailə yönümlü sosial dəstək paketləri, müəyyən vergi və kredit stimulları kimi təşviq mexanizmlərinin qanunvericilik müstəvisində müzakirəsi mümkündür və faydalı ola bilər. Amma burada əsas məqsəd nikahı formal olaraq saxlamaq deyil, sağlam və davamlı ailə münasibətlərinin formalaşmasına dəstək vermək olmalıdır.
Ən vacib məqamlardan biri isə ailədaxili münasibətlərdə hörmət, qarşılıqlı məsuliyyət və psixoloji sağlamlıq mədəniyyətinin gücləndirilməsidir. Çünki bəzən hüquqi mexanizmlər problemi yalnız nəticə mərhələsində tənzimləyə bilir, halbuki əsas məqsəd səbəblərin qarşısını almaqdır. Buna görə də dövlət qurumları, təhsil sistemi, media, vətəndaş cəmiyyəti və ailənin özü bu prosesdə birgə məsuliyyət daşıyır.
Məsələyə emosional deyil, strateji və çoxşaxəli yanaşmaq vacibdir. Güclü ailə yalnız fərdlərin deyil, dövlətin də dayanıqlığının əsas sütunlarından biridir”.
Gülbəniz Səfərova






