“Böyük Qayıdış ümumbəşəri dəyərlərə mühüm töhfədir” - DEPUTAT
“Diqqət edirsinizsə, demək olar ki, hər həftə işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışına şahidlik etməkdəyik. Üstəlik dövlət yalnız fiziki qayıdışı nəzərdə tutan tədbirlərlə kifayətlənmir, həmin vətəndaşların Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşması üçün təhlükəsizlik, həmin bölgələrin ölkənin ümumi iqtisadi dövriyyəsinə reinteqrasiyası və digər tədbirlər ləyaqətli qayıdışı ehtiva etməklə prosesin vacib amilləri kimi çıxış etməkdədir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, işğaldan azad olunmuş torpaqların Livan ölçüdə bir ərazini əhatə etməsi, üstəlik həmin bölgədə əvvəlki dövrlərdə mövcud olmuş infrastrukturun tamamilə yerlə-yeksan edilməsi, habelə işğal dönəmində Qarabağ və Şərqi Zəngəzurun, demək olar ki, hər qarışının mina ilə çirklənməsi fonunda, təbii ki, Böyük Qayıdışı reallaşdırmaq sadə məsələ deyil:

“Lakin qısa müddət ərzində işğal altında olmuş rayonların, demək olar ki, hər birinə soydaşlarımızın ləyaqətli və təhlükəsiz formada qayıdışının təmin olunması, həmin ərazilərdə tikinti və quruculuq prosesinin effektiv və sürətlə aparılması onu göstərir ki, Azərbaycan dövləti işğala son qoymaqla bərabər, həm də işğal və təcavüzün nəticələrinin aradan qaldırılmasında qətiyyətlidir. Bu mənada, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycanın milli prioritetlərinin realizəsi olmaqla yanaşı, həm də ümumbəşəri dəyərlərə mühüm töhfədir”.
Ləman Sərraf






