Bu dəfəki Qələbə Paradında nə rabitə olacaq, nə də ki texnika...
Moskvada 9 May Qələbə Günü münasibətilə keçiriləcək hərbi paradın təhlükəsizlik qaydalarında diqqətçəkən dəyişikliklər edilib.
Patrul.az xəbər verir ki, Moskvada 9 may ərəfəsində mobil rabitənin məhdudlaşdırılması planlaşdırılır.
Bildirilib ki, əsas məhdudiyyətlər mayın 5, 7 və 9-da – paradın məşqləri və keçirildiyi gün tətbiq olunacaq.
Məlumata görə, məhdudiyyətlər təkcə şəhərin mərkəzi hissəsini deyil, həm də Moskva Halqa Avtomobil Yolu daxilindəki bütün əraziləri əhatə edəcək.
Məhdudiyyət mobil internetlə yanaşı, zəng və SMS xidmətlərinə də şamil olunacaq.
Mobil internet kəsintiləri zamanı yalnız dövlət tərəfindən təsdiqlənmiş bəzi resursların (“ağ siyahı”) işləməsi nəzərdə tutulsa da, parad günlərində bu sistemin də təsirə məruz qalacağı və tam kəsintilərin mümkün olduğu bildirilir.
Əsas məqsədin Ukrayna tərəfindən gözlənilən mümkün dron hücumlarının qarşısını almaq və təhlükəsizliyi təmin etmək olduğu qeyd edilir.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Qırmızı meydanda keçiriləcək hərbi paradın təhlükəsizlik səbəbilə məhdud formatda və hərbi texnikasız təşkil olunacağını açıqlayıb.
Texnika olmasa da, paradda müxtəlif hərbi məktəblərin kursantları və Silahlı Qüvvələrin fərqli bölmələrinin piyada kolonları yürüş edəcək.
Qeyd edək ki, bu, 2008-ci ildən bəri Qırmızı meydanda hərbi texnikanın nümayiş olunmadığı ilk parad olacaq.
Gülbəniz Səfərova






