media-inshot_20251205_171730259

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurası çərçivəsində baş tutan görüş Cənubi Qafqazda dəyişən güc balansları və Avropanın yeni təhlükəsizlik prioritetləri fonunda strateji əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilə bilər”.

Bu fikirləri Patrul.az-a açıqlamasında politoloq Rəşad Bayramov səsləndirib.

Politoloq bildirib ki, bu görüş, faktiki olaraq, Aİ-nin regiona dair siyasi yanaşmasının yenidən formalaşdığı bir zamanda həyata keçirilib və həm Bakı, həm də Brüssel üçün bir neçə əsas istiqamətdə mövqe koordinasiyası imkanı yaradıb:

“Birinci mühüm aspekt ondan ibarətdir ki, Avropa İttifaqı son illərdə Cənubi Qafqazdakı proseslərə daha sistemli şəkildə müdaxilə etməyə çalışsa da, Ukrayna müharibəsi, enerji böhranı və daxili siyasi parçalanmalar səbəbindən regionda təsir alətləri məhdudlaşmışdır. Bu şəraitdə Azərbaycanla dialoqun saxlanması Aİ üçün strateji zərurətə çevrilib. Brüssel Azərbaycanın enerji və nəqliyyat sahələrində oynadığı rolu yalnız iqtisadi deyil, həm də siyasi təsir vasitəsi kimi görür. Bu görüş isə Aİ-nin regionda mövqeyini zəiflətməmək və proseslərdən kənar qalmamaq cəhdinin tərkib hissəsi kimi dəyərləndirilə bilər”.

media-img-20251205-wa0031

R. Bayramov ikinci mühüm məqamın Azərbaycan–Ermənistan normallaşma prosesinin yeni mərhələyə keçməsi olduğunu vurğulayıb:

“Ermənistanın təhlükəsizlik orientasiyasını yenidən nəzərdən keçirdiyi bir dövrdə, Aİ-nin bölgəyə dair marağı daha da artmışdır. Vyanadakı görüş bu fonda xüsusi əhəmiyyət daşıyır: Aİ tərəfi sülh prosesində öz rolunu da davam etdirməyə cəhdlər edir. Azərbaycan isə bu prosesdə öz mövqeyinin daha real və praqmatik şəkildə qəbul edilməsinə çalışır. O baxımdan bu görüş həm də normallaşma prosesinin gələcək dinamikası üçün özündə mühüm mesajları ehtiva edir deyə bilərik”.

Müsahibimizin sözlərinə görə, üçüncü aspekt enerji və nəqliyyat marşrutlarına aiddir:

“Qlobal enerji bazarlarında yenidənqurma, Avropanın Rusiya enerjisindən asılılığının minimuma endirilməsi siyasəti və alternativ marşrutların axtarışı kontekstində Azərbaycan Aİ üçün daha kritik tərəfdaşa çevrilib. Bu görüşdə tərəflərin enerji təhlükəsizliyi və Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etməsi geosiyasi xarakter daşıyır və Avropanın uzunmüddətli enerji strategiyasına birbaşa təsir edir. Eyni zamanda Zəngəzur dəhlizi və geniş nəqliyyat şəbəkələri barədə təmaslar Aİ-nin bu regionu Avrasiyanın əsas tranzit mərkəzlərindən biri kimi görməsinin göstəricisidir.

Ümumiləşdirərək qeyd etmək olar ki, keçirilən görüş təkcə iki tərəf arasında protokol xarakterli diplomatik təmas deyil, bu, Avropanın Cənubi Qafqaz strategiyasının real konturlarını müəyyənləşdirən, Azərbaycan isə regional güc mərkəzi kimi öz mövqeyini gücləndirən proseslərin bir hissəsidir”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər