“Bu görüş iki ölkə arasında müdafiə əməkdaşlığının daha da dərinləşməsi yönündə mühüm siqnal kimi çıxış edir” POLİTOLOQ
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəisi, ehtiyatda olan briqada generalı Daniel Qoldun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu kontekstdə politoloq Züriyə Qarayeva Patrul.az-a Azərbaycan–İsrail münasibətlərini şərh edib.
O bildirib ki, Azərbaycan-İsrail müdafiə əməkdaşlığının son illərdə daha da intensivləşməsi təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də regiondakı geosiyasi balansların dəyişməsi fonunda strateji əhəmiyyət daşıyır:
“Müdafiə naziri Zakir Həsənovun İsrail Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndə heyəti ilə görüşü bu xəttin davamı kimi qiymətləndirilir və təhlükəsizlik, texnologiya və hərbi sənaye sahələrində yeni mərhələyə keçidin mümkün olduğunu göstərir.”
Politoloqun sözlərinə görə, Azərbaycan-İsrail münasibətlərinin əsas dayaqlarından biri hərbi-texniki əməkdaşlıqdır. İsrail Azərbaycanın müasir silah sistemləri, pilotsuz uçuş aparatları, kəşfiyyat texnologiyaları və hava hücumundan müdafiə vasitələrinin əsas təchizatçılarındandır. 44 günlük Vətən müharibəsi zamanı İsrail istehsalı olan sistemlərin rolu xüsusilə nəzərə çarpıb və bu, qarşılıqlı etimadı daha da gücləndirib.
“Daniel Qold kimi yüksək texnoloji inkişaf sahəsinə cavabdeh olan bir fiqurun Bakıya səfəri hərbi innovasiyalar, yeni nəsil PUA-lar, süni intellekt əsaslı sistemlər və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi ehtimalını artırır.”
Politoloq qeyd edib ki, iki ölkəni birləşdirən digər mühüm amillər enerji və təhlükəsizlik maraqlarının uyğunluğudur:
“İsrail Azərbaycanın enerji resurslarından istifadə edən əsas ölkələrdən biridir və bu, tərəflər arasında strateji bağ formalaşdırır. Digər tərəfdən, Azərbaycan regional təhlükəsizlikdə öz mövqeyini gücləndirir və İsrail bu prosesdə Bakını etibarlı tərəfdaş kimi dəyərləndirir. İran amili də münasibətlərin dinamikasına təsir edən əhəmiyyətli faktorlardandır. Hər iki ölkə İranla bağlı siyasətdə ehtiyatlı və balanslı xətt yürüdür, lakin Tehranla bağlı təhlükəsizlik narahatlıqları onların strateji yaxınlaşmasını sürətləndirir.”
Züriyə Qarayeva əlavə edib ki, İsrail nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında müdafiə əməkdaşlığının dərinləşməsi, birgə texnoloji layihələrin genişlənməsi və regional təhlükəsizlik məsələlərində koordinasiyanın artması yönündə mühüm siqnal kimi qiymətləndirilməlidir:
“Bu proses yalnız hərbi əməkdaşlıq çərçivəsində deyil, daha geniş siyasi və strateji tərəfdaşlıq kontekstində dəyərləndirilməlidir.”
Ləman Sərraf






