“Bu görüş strateji əməkdaşlığın yeni mərhələsinə start vermək baxımından böyük əhəmiyyət daşıyır” – DEPUTAT
“Dekabrın 8-də Bratislavada Möhtərəm Cənab Prezident İlham Əliyev və Peter Pellegrini arasında baş tutan geniş tərkibli görüş strateji əməkdaşlığın yeni mərhələsinə start vermək baxımından böyük əhəmiyyət daşıyır. Bu görüş bir daha sübut etdi ki, Azərbaycan və Slovakiya arasında münasibətlər hazırda çoxşaxəli, gələcəyə yönəlik və dinamik inkişaf mərhələsindədir”.
Bu fikirləri Patrul.az-a dünən Bratislavada Prezident İlham Əliyev və Slovakiyanın rəhbəri Peter Pellegrini arasında baş tutan görüşün əhəmiyyətini şərh edərkən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan artıq uzun müddətdir ki, yalnız enerji və neft-qaz sektorunda deyil, həm də nəqliyyat-logistika, tranzit, innovasiya və yüksək texnologiyalar sahəsində regionun aparıcı rolunu oynayır:
“Biz Orta Dəhliz (Middle Corridor) layihəsinin aktiv iştirakçısıyıq və Azərbaycanın coğrafi mövqeyi, tranzit marşrutlarının mərkəzində olması bu baxımdan mühümdür.
Görüş zamanı ölkəmizin nəqliyyat və tranzit potensialının Slovakiya ilə əməkdaşlıq çərçivəsində daha geniş istifadə oluna biləcəyi, həmçinin data mərkəzləri və yüksək texnologiyalar sahəsində birgə layihələrin mümkünlüyü vurğulanıb. Potensialın artırılması planı mövcuddur və data mərkəzləri, informasiya texnologiyaları üçün mühüm baza yaradır.
Slovakiyanın sənaye, texnologiya və investisiya imkanları ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin dərinləşməsi bu səfər çərçivəsində planlaşdırılan investisiya, enerji, nəqliyyat, müdafiə-sənaye və infrastruktur layihələrinin — iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq formatına keçdiyini göstərir”.
Millət vəkili vurğulayıb ki, hazırda Azərbaycan Avropa və Asiyanı birləşdirən nəqliyyat-logistika qovşağı, enerji və tranzit mərkəzi, eyni zamanda yüksək texnologiyalar və “data mərkəzləri hubu” kimi mövqeyini gücləndirir:
“Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutları, limanlar, dəmir yolları, tranzit infrastrukturu Azərbaycanın unikal imkanlarıdır.
Azərbaycanın Slovakiya ilə əməkdaşlığı ticarət və investisiya, gələcəkdə regional tranzit-logistika, enerji təchizatı, texnologiya və innovasiyalar sahəsində geniş miqyaslı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Xüsusilə, data mərkəzləri və informasiya texnologiyaları sahəsində birgə layihələr ikitərəfəli münasibətlərə əlavə dəyər qatacaq.
Ölkəmiz Slovakiya ilə əməkdaşlığı tranzit və nəqliyyat, enerji, texnologiya və investisiya sahələrində daha da dərindən inkişaf etdirəcək. Orta Dəhliz, Bakı–Tbilisi–Kars dəmir yolu, beynəlxalq liman və transit marşrutlarının modernləşdirilməsi, data mərkəzləri üçün imkanların hazırlanması prioritet olacaq”.
“Eyni zamanda, bu əməkdaşlığı diplomatik və siyasi sahədə saxlamaq, mədəni-tənzimləyici mübadilələri, təhsil və innovasiya sahəsində əlaqələri genişləndirmək də olduqca önəmlidir. Hesab edirəm ki, yaxın gələcəkdə Slovakiya ilə əlaqələrimizin bu yeni formatda strateji tərəfdaşlıq, yüksək texnologiya və tranzit-logistika birliyi çox uğurlu olacaq”, – deyə o əlavə edib.
Ləman Sərraf






