media-img-20250703-wa0013

“Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində siyasəti ölkəmizin regional və beynəlxalq iqtisadi münasibətlər sistemindəki fəal rolunu əks etdirir. ECO-ya 1992-ci ildən üzv olan Azərbaycan təşkilat daxilində həyata keçirilən bir sıra təşəbbüslərdə fəal iştirak edir və üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir”.

Bu fikirləri Patrulaz.az-a açıqlamasında illi Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə həyata keçirilən birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Bugünlər ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə evsahibliyi edəcək. Sammit ərəfəsində ECO-nun müxtəlif platformalar üzrə tədbirləri keçirilir.

Millət vəkilinin sözlərinə görə, bu baxımdan, iyulun 2-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi” çərçivəsində Laçın şəhərində ECO-nun Qadınlar Forumu keçirilməsi mühüm hadisədir. Bu tədbirin keçirilməsi Prezident İlham Əliyevin beynəlxalq səviyyədə liderliyinin, təşəbbüskarlığının nümunəsidir. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara sədrliyi zaman həmin təşkilatın işinin canlandırılması üçün çevik, praqmatik siyasət həyata keçirir. Biz bunu Qoşulmama Hərəkatına sədrlik dövründə Prezidentimizin təşəbbüsü ilə vacib beynəlxalq tədbirlərin keçirilməsi və təşkilatın yeni platformalarının yaradılması prosesində də müşahidə etdik. Bütün bunlar beynəlxalq ictimaiyyət tərəfindən də alqışlanır.

media-img-20250703-wa0008

Bu baxımdan, Laçın şəhərində ECO-nun Qadınlar Forumunun keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün ECO ölkələrində sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də ECO regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir. Tədbirdə iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunması da mövzunun aktuallığından xəbər verir. Əsas məqamlardan biri də odur ki, forum ECO regionunun müxtəlif ölkələrindən və aidiyyəti beynəlxalq tərəfdaş qurumlardan olan qadınlar arasında dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün önəmli platforma rolunu oynayacaq. Forumun xüsusi bir özəlliyi isə Azərbaycanın dilbər guşəsi olan Laçın şəhərində keçirilməsidir. Xarici qonaqlar 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş Laçında törədilən vandalizmə, eyni zamanda Azərbaycan dövlətinin bu yurdu yenidən dirçəltmək əzminə şahidlik edir. Həm də, işğaldan azad edilmiş ərazilərimiz artıq böyük beynəlxalq tədbirlərə evsahibliyi etmək iqtidarındadır.

“Bütövlükdə, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinin Azərbaycanda keçirilməsi ölkəmizin bu nüfuzlu regional qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbir Azərbaycanın təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir. Bu tədbir Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkənin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək. Eyni zamanda, Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq formatlarının və layihələrin ECO məkanında həyata keçirilməsi üçün əlverişli imkanlar formalaşacaq. Beləliklə, Azərbaycanın ECO çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqları kompleks və strateji xarakter daşıyır, bu təşkilatla əlaqələrin inkişafı ölkənin regional və beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir”,- deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Ləman Sərraf


Bənzər xəbərlər