media-inshot_20260428_163718128

“Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi ölkəmizin son illərdə həyata keçirdiyi ardıcıl və məqsədyönlü sülh siyasətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Bu mükafat Azərbaycanın regionda sabitlik, əməkdaşlıq və təhlükəsizlik naminə göstərdiyi səylərin tanınması deməkdir”.

Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva Patrul.az-a Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi barədə şərh edərkən səsləndirib.

O vurğulayıb ki, tarixdə müharibənin faciələrini simvolizə edən bir məkan olan – Gernika mükafatının məhz sülh təşəbbüslərinə görə təqdim edilməsi xüsusi məna daşıyır:

“Azərbaycanın bu mükafatla təltif olunması isə ölkənin münaqişələrin həlli və regionda uzunmüddətli sülhün təmin olunmasına yönəlmiş siyasətinin təsdiqidir.

Son illərdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsilə Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar sayəsində dayanıqlı sülh gündəliyi ön plana çıxıb. Müharibədən sonrakı dövrdə rəsmi Bakı tərəfindən irəli sürülən sülh təşəbbüsləri, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində atılan addımlar və qarşılıqlı etimadın gücləndirilməsi üçün göstərilən səylər regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir. Bu siyasət yalnız milli maraqlara deyil, həm də regional və qlobal təhlükəsizliyə xidmət edir”.

media-inshot_20260428_163502899

Millət vəkili, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən diplomatik fəaliyyətin çoxtərəfli əməkdaşlığa əsaslandığını qeyd edib:

“Azərbaycan beynəlxalq platformalarda daim dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Eyni zamanda, Azərbaycanın humanitar sahədə atdığı addımlar, münaqişədən zərər çəkmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən işlər də sülh siyasətinin mühüm tərkib hissəsidir.

Bir sözlə, “Sülh və Barışıq üçün Gernika mükafatı” Prezident İlham Əliyevin simasında Azərbaycanın sülhə verdiyi töhfələrin beynəlxalq miqyasda tanınmasının göstəricisidir. Bu mükafat bir daha sübut edir ki, Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olan etibarlı və məsuliyyətli bir dövlətdir”.

Ləman Sərraf


Bənzər xəbərlər