“Bu, müstəqillik dövrünün ən böyük amnistiyası olacaq” - Deputat
“Suverenliyimizin bərpası, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Milli Məclis bu gün amnistiya aktını təsdiqlədi. Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə bu akt ən böyük amnistiya olacaq. Bununla da müstəqillik dövründə qəbul edilən amnistiya aktlarının sayı 13-ə çatdı”.
Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya barədə Patrul.az-a şərh edərkən səsləndirib.
O söyləyib ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, bəlli kateqoriya üzrə məhkumlar müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər:
“Belə ki, yeni Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur”.

Millət vəkili bildirib ki, bu təşəbbüs humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümidi özündə əks etdirir:
“Ulu Öndərin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev hər zaman mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutaraq əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalayır. Prezident İlham Əliyev tərəfindən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları bu günə qədər minlərlə ailəyə sevinc bəxş edib.
Əfv prosesi insan həyatına dəyər verən, ikinci şans prinsipinə əsaslanan bir yanaşmadır. Azərbaycan dövləti hər zaman humanist dəyərləri əsas götürür. Hər bir məhkum və ya onun ailəsi üçün əfv ümidi, bəzən həyatın tamamilə dəyişməsinə səbəb olur. Bu ümidin arxasında isə hüquqi əsaslandırma, obyektiv qərar və dövlətin ali humanist iradəsinin icrası dayanır. Cəza çəkən şəxslərin cəmiyyətə yenidən qaytarılması olduqca vacibdir.
Amnistiya qərarları bilavasitə qanunvericilik sisteminə tədbiq olunduğundan, nəticə olaraq belə bir addım həm hüquq sisteminin humanistləşməsində, həm də ərazi bütövlüyü və suverenliyini bərpa etmiş xalqımızı humanizmə, sülhə, əminamanlığa, qarşılıqlı etimada səsləyir. Konstitusiya və Suverenlik ilinin xalqımız üçün əhəmiyyətini nəzərə alaraq irəli sürülən amnistiya aktı həm də zəfər yaddaşımızın, təkcə azadlıqdan məhrum olunan şəxslərin doğmalarının deyil, bütün xalqımızın bu günə münasibətinin formalaşdırılması baxımından təqdirəlayiq addımdır”.
Ləman Sərraf






