Bu ölkədə səmada artıq uçan taksilər xidmət göstərəcək - ANBAAN GÖRÜNTÜLƏR
Qazaxıstanda ilk dəfə olaraq uçan taksinin (aerotaksi) sınaq uçuşu uğurla baş tutub.
Patrul.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, nümayiş uçuşu Alatau şəhərində yeni inşa edilən, ölkənin ilk vertiportunda (aerotaksilər üçün xüsusi meydança) reallaşıb. Bu sınaq həm də Mərkəzi Asiyada ilk aerotaksi uçuşu kimi tarixə düşüb.
Sınaq zamanı Çinin məşhur “AutoFlight” şirkətinin tamamilə elektriklə işləyən “Prosperity” adlı eVTOL (şaquli qalxıb-enən elektrikli hava aparatı) modeli təqdim olunub.
Sözügedən aparat saatda 200 kilometr sürət yığa bilir və tək şarjla 200-250 kilometr məsafə qət etmək gücündədir. Uçan taksi şaquli qalxma və enmə üçün özünün 10 ədəd pərindən istifadə edir, havaya qalxdıqdan sonra isə təyyarə rejiminə keçərək irəliyə doğru hərəkət edir. Qanad genişliyi 15 metr, uzunluğu 11,6 metr, hündürlüyü isə 3,3 metr olan aparat adi helikopterlərdən iki dəfə daha səssiz işləyir.
Təhlükəsizlik məqsədilə ilk uçuş zamanı kabinədə insan olmayıb və sərnişinlərin yerinə çəkini tənzimləmək üçün qum torbaları yerləşdirilib. Tamamilə pilotsuz (avtonom) şəkildə, yerüstü rəqəmsal naviqasiya mərkəzindən, həmçinin peyk və mobil rabitə xətləri vasitəsilə idarə olunan bu model normal şəraitdə 1 pilot və 5 sərnişin daşımaq üçün nəzərdə tutulub.
Layihə tamamilə özəl investisiyalar hesabına başa gəlir və ümumi müqavilə dəyəri 300 milyon dollar həcmində qiymətləndirilir. İnvestorlar arasında Qazaxıstanın tanınmış iş adamı Vyaçeslav Kim də var.
Artıq uçan taksilərin qanuni fəaliyyəti üçün hüquqi baza da hazırdır. Qazaxıstan Prezidentinin imzaladığı qanunla Alatau şəhərinə “Xüsusi Hüquqi Rejim” statusu verilib ki, bu da şəhər səmasında xüsusi hava zonaları və uçuş dəhlizlərinin yaradılmasına icazə verir.
Qeyd edək ki, layihə çərçivəsində ilk kommersiya uçuşlarının və marşrutların tam fəaliyyətinin 2028-2029-cu illərdə başlanması planlaşdırılır.
Gülbəniz Səfərova






