“Bu tip riyakar addımlar Azərbaycanın artan nüfuzuna xələl gətirə bilməz” - DEPUTAT
“Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flahertin səsləndirdiyi əssasız və qərəzli fikirlər sifariş xarakterlidir və Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdidir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Onun sözlərinə görə, Avropa Şurası demokratiya, insan haqları, hüquqi dövlət kimi prinsipləri müdafiə etmək məqsədilə qurulmuş beynəlxalq təşkilat olsa da, ölkəmizlə əlaqədar qəbul edilən qərarlar və bəyanatlar qurumun obyektivliyinə əsaslı şübhələr yaradır:
“Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra sözügedən təşkilat tərəfindən təzyiqlərə məruz qalması siyasi maraqların insan haqlarından üstün tutulduğunun göstəricisidir. Özünü ali dəyərlərin müdafiəsi kimi tanıdan Avropa Şurasının bu zamana qədər Ermənistanın 30 il müddətində Azərbaycan torpaqlarını işğal altında saxlamasına, minlərlə soydaşımızın öz doğma torpaqlarından didərgin salınmasına, Xocalı soyqırımı kimi bəşəri faciəyə heç bir siyasi-hüquqi qiymət verməməsi ikili standartlar nümunəsidir”.
“Üzləşdiyimiz anti-Azərbaycan ritorikasının əsas səbəbi ölkəmizin iqtisadi və siyasi cəhətdən müstəqil siyasət həyata keçirməsi ilə bağlıdır. Rəsmi Bakı qlobal və regional güc mərkəzləri ilə strateji əlaqələrini möhkəmləndirir və Avrasiya məkanında öz siyasi konfiqurasiyanı formalaşdırır. Bu isə öz növbəsində bəzi Avropa dövlətlərini ciddi şəkildə narahat edir. Məhz bu səbəbdən Azərbaycan əlehinə fəal şəkildə qarayaxma kompaniyası keçirilir. Lakin bu tip riyakar addımlar Azərbaycanın beynəlxalq arenada uğurlu diplomatik fəaliyyətinə və artan nüfuzuna xələl gətirə bilməz”,- deyə deputat əlavə edib.
Ləman Sərraf