Can Polatın qətli ilə bağlı yeni detallar: Qətlin icraçısının ifadəsi məlum olub
Türkiyədə böyük rezonans doğuran Can Polatın qətli ilə bağlı aparılan istintaqda yeni təfərrüatlar məlum olub.
Patrul.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata əsasən, qətli törətməkdə şübhəli bilinən Serhat Altun ifadəsində sosial şəbəkə vasitəsilə “Daltonlar” kimi tanınan mütəşəkkil cinayətkar qrupla əlaqə yaratdığını bildirib. Onun sözlərinə görə, müxtəlif silahlı hücumları pul müqabilində həyata keçirib və Can Polatın hədəfə alınması da həmin qrupun göstərişi əsasında baş tutub.
Şübhəli şəxs ifadəsində Konya şəhərində 100 min türk lirəsi qarşılığında başqa bir silahlı əməl törətdiyini, daha sonra isə Dilan Polatın sosial media paylaşımından sonra İzmirə getdiyini qeyd edib.
Can Polat kimdir?
Can Polat Türkiyədə tanınmış sosial media fenomenləri Dilan Polat və Engin Polat ailəsinə yaxın şəxs kimi tanınıb. O, Engin Polatın əmisi oğlu olmaqla yanaşı, uzun müddət ailənin şəxsi mühafizəçisi kimi fəaliyyət göstərib.
Məlumatlara görə, 37 yaşlı Can Polat İzmirin Çeşmə rayonunda yerləşən hotellərdən birində baş verən silahlı hücum zamanı ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır. İstintaq çərçivəsində qətlin sifarişçilərinin, eləcə də hadisədə iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Can Polatın qətli Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Hadisədən sonra “Daltonlar” mütəşəkkil cinayətkar qrupu ilə əlaqəli olduğu iddia edilən sosial media hesablarında yayılan paylaşımlar da istintaqın diqqət mərkəzindədir.







