Cərimə ilə razılaşmayan sürücülərin DİQQƏTİNƏ: "Pulunuzu bu yolla geri ala bilərsiniz!"
Park qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr bəzən vətəndaşlar tərəfindən əsassız hesab edilə bilər və bu zaman həmin qərarın qanuniliyinə etiraz etmək hüququ yaranır. Qanunvericilik bu kimi hallarda inzibati qaydada və ya məhkəmə vasitəsilə şikayət mexanizmlərini nəzərdə tutur.
Bəs, park qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrlə razılaşmadıqda vətəndaş hansı hüquqi addımları ata bilər?
Bu barədə hüquqşünas Rüstəm Əzimzadə Patrul.az-a açıqlamasında bildirib ki, park cərimələri ilə razılaşmayan sürücülər qanunla müəyyən edilmiş qaydada və müddətdə sübutlarla əsaslandıraraq inzibati qaydada və ya məhkəməyə şikayət verə bilərlər:
“Müasir dövrdə, xüsusən də iri şəhərlərdə nəqliyyat vasitələrinin park edilməsi ilə bağlı qaydaların pozulmasına görə tətbiq edilən cərimələr sürücülərin ən çox qarşılaşdığı hüquqi problemlərdən biridir. Çox vaxt vətəndaşlar tərtib olunmuş inzibati xəta haqqında protokolla və ya qərarla razılaşmır, parklanma nişanlarının aydın olmamasını, texniki xətaların baş verməsini və ya ümumiyyətlə qaydanı pozmadıqlarını iddia edirlər. Belə hallarda vətəndaşların dərhal qanuni addımlar atması və öz hüquqlarını müdafiə etməsi son dərəcə vacibdir. Cərimələrlə passiv şəkildə barışmaq və ya onları sadəcə iqnor etmək gələcəkdə əlavə dəbbə pulunun hesablanmasına və nəqliyyat vasitəsinin saxlanılmasına qədər gətirib çıxara bilər. Buna görə də hər bir sürücü etiraz hüququndan düzgün və vaxtında istifadə etməyin yollarını bilməlidir”.

R.Əzimzadə qeyd edir ki, sürücü cərimə ilə razılaşmadıqda ilk növbədə sübutları yoxlayaraq qanunla müəyyən edilmiş müddətdə inzibati qaydada və ya məhkəmə yolu ilə şikayət verməlidir:
“Sürücü cərimə ilə razılaşmadıqda atılmalı olan ilk və ən vacib addım tərtib edilmiş qərardakı sübutları diqqətlə yoxlamaqdır. Qanunvericiliyə görə, elektron qaydada tətbiq edilən cərimələr zamanı xətanı təsdiq edən foto və ya video materiallar mütləq şəkildə vətəndaşa təqdim edilməlidir. Əgər vizual sübutlarda avtomobilin nömrəsi düzgün oxunmursa, parklanma nişanı görünmürsə və ya cərimə başqa bir nəqliyyat vasitəsinə aid edilibsə, bu artıq qərarın ləğvi üçün əsaslı hüquqi zəmin yaradır. Eyni zamanda, vətəndaş həmin ərazidəki yol nişanlarının yerləşmə qaydasına və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına diqqət yetirməlidir. Sübutların toplanması və təhlili şikayət prosesinin uğurla nəticələnməsi üçün təməl rolunu oynayır.
Əldə edilmiş faktlar əsasında vətəndaşın ata biləcəyi ən mühüm hüquqi addım cərimə qərarından şikayət verməkdir və bu zaman diqqət yetirilməli olan ən həssas məqam qanunla müəyyən edilmiş şikayət müddətlərinə ciddi riayət etməkdir. Yol hərəkəti, eləcə də parklanma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrlə bağlı şikayət proseduru Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə əsasən, barəsində qərar qəbul edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərar ona qanunla nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan etibarən 20 gün müddətində şikayət vermək hüququna malikdir. Qərarın rəsmi qaydada verilməsi dedikdə, cərimə haqqında məlumatın rəsmi poçtla təqdim edilməsi, elektron qaydada məlumatlandırılması və ya bilavasitə şəxsən təqdim olunması başa düşülür. Məhz bu tarixdən etibarən hesablanan iyirmi günlük müddətin ötürülməsi sonradan hüquqların bərpasını xeyli çətinləşdirir”.
Hüquqşünasın sözlərinə görə, şikayət şəxsən, poçtla və ya elektron qaydada yuxarı orqana və ya birbaşa məhkəməyə təqdim edilərək, sübutlarla əsaslandırılmalıdır:
“Şikayətin verilmə qaydası və ünvanlanacağı instansiya məsələsinə gəldikdə isə, vətəndaşlar qanunvericiliyin yaratdığı alternativ imkanlardan sərbəst istifadə edə bilərlər. Şikayət şəxsən verilə, poçt vasitəsilə və ya internet üzərindən elektron qaydada göndərilə bilər. İnstansiya olaraq vətəndaş qərardan yuxarı səlahiyyətli orqana, yəni qərarı qəbul etmiş Baş Dövlət Yol Polisi İdarəsinin və ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin müvafiq yuxarı rəhbərliyinə, eləcə də bu inzibati mərhələyə müraciət etmədən birbaşa olaraq məhkəməyə şikayət verə bilər. Hansı instansiyanın seçilməsindən asılı olmayaraq, təqdim edilən şikayətdə etirazın səbəbləri tam aydın və hüquqi dillə əsaslandırılmalı, parklanma nişanının mövcud olmaması və ya sistem xətasını təsdiq edən aidiyyəti foto və video sübutlar həmin müraciətə mütləq qaydada əlavə olunmalıdır.
Təcrübədə əsaslı dəlillərlə çıxış edən və prosedur qaydalarına, xüsusən də şikayət müddətlərinə ciddi riayət edən vətəndaşların cərimələrinin məhkəmə tərəfindən ləğv edilməsi hallarına kifayət qədər tez-tez rast gəlinir. Buna görə də vətəndaşlar öz hüquqlarının müdafiəsində qətiyyətli olmalı, hər bir mərhələdə qanunun onlara verdiyi imkanlardan sonadək istifadə etməlidirlər”.
Cəmilə Cəfərzadə






