media-photo-output

Son günlər iş elanlarının çoxalması ilə yanaşı, fırıldaqçıların da aktivləşməsi müşahidə olunur. Xüsusilə iş axtaran və maliyyə çətinliyi yaşayan insanlar bu cür tələlərə daha tez aldanırlar. Bu vəziyyət birbaşa psixoloji amillərlə əlaqəlidir.

Bəs ağır stres yaşayan insanların rasional düşünmə qabiliyyətini gücləndirmək və onları fırıldaqçılıqdan qorumaq üçün hansı mexanizmlər tətbiq oluna bilər?

Klinik psixoloq, CBT terapevti, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Fuad Əsədov Patrul.az-a açıqlamasında bildirib ki, fırıldaqçılar insanların qorxu və ümidlərindən istifadə edir və onların eşitmək istədiyi sözləri manipulyasiya vasitəsinə çevirirlər:

“Ümumiyyətlə, dünyadakı bütün fırıldaqçılıq və manipulyasiya texnikaları insanların zəiflikləri, qorxuları və ümid axtarışları üzərində qurulub. Fırıldaqçılar insanı ona görə aldada bilirlər ki, həmin şəxsin qorxu və ümidlərini yaxşı bilirlər və bundan istifadə edərək onu istədikləri kimi idarə edirlər. Beləcə, öz qurbanlarına təsir göstərmək onlar üçün daha asan olur.

Məsələ bundadır ki, insan beyni elə təkamül edib ki, biz çox vaxt doğru sözü eşitməkdənsə, eşitmək istədiyimiz sözləri üstün tuturuq. Motivasiyaedici və ümidverici cümlələrin xoşumuza gəlməsinin səbəbi də budur. Çünki beynimiz acı həqiqətlərdən çox, yaxşıya yönəlməyə meyllidir. Fırıldaqçılar isə bunu çox yaxşı bilirlər”.

Psixoloq vurğulayır ki, maddi və emosional təzyiq altında olan insanlar sürətli çıxış yolu axtardıqları üçün fırıldaqçıların ümid vəd edən təkliflərinə daha tez inanırlar:

“Onlar görürlər ki, insan işsizlik yaşayır, maddi sıxıntısı var, psixoloji olaraq zəifdir və ona ümid satırlar. Deyirlər ki, ‘filan işə bu qədər pul qoysan, sənə yüksək gəlir gətirəcək’. Üstəlik, bunu inandırıcı dildə təqdim edirlər. İnsanlar isə inanırlar, çünki bir tərəfdən aldadılmağa daha meyilli olurlar, digər tərəfdən də stressli və çətin vəziyyətdə olmaları çıxış yolu tapmaq istəyini gücləndirir. Beləcə, onlar fırıldaqçıların qurbanına çevrilirlər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər