Çində dağıdıcı zəlzələ: Ölənlər və itkin düşənlər var
Çinin Quansi-Çjuan muxtar rayonunda 5,2 maqnitudalı gücündə zəlzələ baş verib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar mayın 18-nə keçən gecə, yerli vaxtla saat 00:21-də qeydə alınıb.
Çin Seysmoloji Şəbəkələr Mərkəzinin məlumatına görə, təbii fəlakətin episentri Lyuçjou şəhər dairəsinin Liunan rayonunda, ocağı isə yerin 8 kilometr dərinliyində yerləşib.
Hadisə nəticəsində 63 yaşlı kişi və 53 yaşlı qadından ibarət evli cütlük dağıntılar altında qalaraq həyatını itirib.
Əraziyə cəlb olunan xilasedicilər tərəfindən 91 yaşlı ahıl kişi uçqunlar altından sağ çıxarılıb, onun vəziyyəti sabitdir. İlk saatlarda itkin düşdüyü bildirilən 3 nəfərdən ikisinin cəsədi tapılıb, hazırda daha 1 nəfərin axtarışları davam etdirilir.
Seysmoloqlar zəlzələnin kifayət qədər səthi və dağıdıcı gücə malik olduğunu bildiriblər. Səhər saat 07:41-də isə rayonda 3,3 maqnitudalı daha bir güclü afterşok (təkrari təkan) qeydə alınıb.
Təbii fəlakət bölgəsində ən azı 13 yaşayış binası tamamilə uçub və ya ciddi ziyan görərək yararsız hala düşüb. Yaranan təhlükə ilə əlaqədar olaraq rəsmi qurumlar 7 mindən çox sakini dərhal təhlükəsiz ərazilərə təxliyə ediblər.
Bölgədə genişmiqyaslı axtarış-xilasetmə işləri davam etdirilir.






