“Crocus City Hall” cinayət işi üzrə Ağalarovun əmlakına həbs qoyulması tələbi rədd edilib
“Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı müəssisənin sahibi Emin Ağalarovun əmlakına həbs qoyulması Rusiya İstintaq Komitəsi tərəfindən vaxtından əvvəl hesab edilib.
Patrulaz.az xəbər verir ki, Crocus City Hall-dakı terror aktında zərərçəkənlər Ağalarovların əmlaklarına həbs qoyulmasını tələb ediblər. Bundan sonra terror hadisəsi ilə bağlı cinayət işi üzrə zərərçəkmişlərin müdafiə tərəfi iş adamları Araz və Emin Ağalarovların əmlaklarına həbs qoyulması barədə vəsatət qaldırmışdı.
Bu barədə zərərçəkənlərin vəkili İqor Trunov məlumat verib. O bildirib ki, İstintaq Komitəsindən “Crocus Group”, “Crocus” ASC, “Crocus Profi” özəl mühafizə şirkəti və “Crocus International” ASC-nin sahiblərinin aktivlərinə həbs qoyulması üçün təcili tədbirlər görülməsi tələb olunub.
Trunovun sözlərinə görə, “obyektdə yanğınsöndürmə sistemlərinin istismarına, qəza çıxışlarına və binanın ümumi təhlükəsizliyinə nəzarət Ağalarovlara məxsus qurumlar tərəfindən həyata keçirilirdi.
Lakin Rusiya İstintaq Komitəsi bu vəsatəti vaxtından əvvəl hesab edərək rədd edib. Qurum bildirib ki, konsert zalının sahiblərinə qarşı bu cür tədbirlərin görülməsi yalnız əsas ekspertiza nəticələri elan edildikdən sonra mümkündür.
Xatırladaq ki, 2024-cü il martın 22-də Rusiyanın “Piknik” musiqi qrupunun “Crocus City Hall”da konsert verməli olduğu bir vaxtda silahlı şəxslər tərəfindən terror aktı törədilib. Hadisə nəticəsində ən azı 144 nəfər həyatını itirib, 360-dan çox insan yaralanıb.






