media-inshot_20260708_171239749

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən təşkil olunan V “Cyber Summer School 2026” kiber yay düşərgəsində təlim proqramı ikinci gün də uğurla davam edib. Mingəçevir şəhərində keçirilən düşərgənin ikinci tədris günündə iştirakçılar proqram üzrə formalaşdırılmış “Blue Team” (Azərbaycan dilində tədris) və “Red Team” (ingilis dilində tədris) qruplarında kibertəhlükəsizlik sahəsinin əsas istiqamətlərini əhatə edən nəzəri və praktiki məşğələlərdə iştirak ediblər.

Patrul.az xəbər verir ki, ikinci günün proqramı çərçivəsində hər iki qrup üçün “Şəbəkə təhlükəsizliyi / Network Security”, “Veb tətbiqlərinin təhlükəsizliyi / Web Application Security”, “Kibertəhlükəsizlik məqsədli skript yazılması / Scripting for Security” və “Əməliyyat sistemlərinin təhlükəsizliyi / Operating System Security” mövzuları üzrə təlimlər davam etdirilib.

Təlimlər AKTA-nın platin üzvü olan “Azercell Telekom” MMC-nin Kibertəhlükəsizlik mühəndisi Səfərli Səfərəli və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əməkdaşları tərəfindən aparılıb. Təlimlər zamanı iştirakçılar şəbəkələrin təhlükəsizliyinin təmin olunması prinsipləri, veb tətbiqlərində rast gəlinən təhlükəsizlik boşluqları və onların aradan qaldırılması üsulları, kibertəhlükəsizlik məqsədli skriptlərin hazırlanması, eləcə də əməliyyat sistemlərinin təhlükəsizliyinin təmin edilməsinə dair nəzəri biliklər əldə edib, praktiki tapşırıqları yerinə yetirərək mövzular üzrə bacarıqlarını inkişaf etdiriblər.

Günün sonunda iştirakçıların təlim müddətində əldə etdikləri biliklərin qiymətləndirilməsi və möhkəmləndirilməsi məqsədilə interaktiv viktorina təşkil olunub.

Qeyd edək ki, 6–11 iyul tarixlərində keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsinin əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının inkişafına töhfə vermək, gənclərin nəzəri bilik və praktiki bacarıqlarını gücləndirməkdir.

Düşərgə çərçivəsində növbəti günlərdə də kibertəhlükəsizliyin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki təlimlər, komanda tapşırıqları, kiber yarışlar və digər inkişafyönümlü fəaliyyətlər davam etdiriləcək.

media-img-20260708-wa0049 media-img-20260708-wa0048 media-img-20260708-wa0052 media-img-20260708-wa0053 media-img-20260708-wa0054 media-img-20260708-wa0056 media-img-20260708-wa0059 media-img-20260708-wa0057 media-img-20260708-wa0058 media-img-20260708-wa0050 media-img-20260708-wa0051 media-img-20260708-wa0055


Bənzər xəbərlər