media-inshot_20260501_103002185

Dağıstan Respublikasının rəhbəri Sergey Melikov bölgədə baş verən və ağır fəsadlara yol açan genişmiqyaslı daşqınlardan sonra vəzifəsindən kənarlaşdırılıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, onun istefa qərarını Rusiya Prezidenti Vladimir Putin Kreml sarayında Dağıstan Xalq Məclisinin nümayəndələri ilə keçirdiyi görüş zamanı rəsmən açıqlayıb.

Putinin sözlərinə görə, Sergey Melikov fəaliyyətini başqa sahədə davam etdirəcək. Dövlət başçısı vurğulayıb ki, hazırkı mərhələdə respublikaya xalqın etimadını qazanmış və mövcud problemləri həll etmək bacarığına malik bir şəxs rəhbərlik etməlidir.

Dağıstan nümayəndələri respublika rəhbəri postuna Dağıstan Ali Məhkəməsinin sədri Fyodor Şukinin namizədliyini təklif ediblər.

Vladimir Putin isə bu təklifi müsbət qarşılayaraq Şukinin namizədliyini dəstəklədiyini bildirib.

Xatırladaq ki, 2026-cı ilin mart ayının sonu və aprelin əvvəllərində Dağıstan ərazisində aramsız yağan yağışlar fəlakətlə nəticələnib. Daşqınlar səbəbilə 6 nəfər həyatını itirib. 11 mindən çox sakin təhlükəli zonalardan və zərər görmüş evlərdən çıxarılıb. Bölgənin su və elektrik təminatında ciddi fasilələr yaranıb, çox sayda yol və körpü dağılıb.

Fəlakətin miqyasını nəzərə alaraq, Rusiya Federasiyası tərəfindən bölgədə federal səviyyəli fövqəladə vəziyyət elan edilib və nəticələrin aradan qaldırılması üçün xüsusi hökumət komissiyası fəaliyyətə başlayıb.


Bənzər xəbərlər