“Davos İqtisadi Forumu işgüzar əlaqələrin qurulması üçün çox geniş platformadır. Azərbaycanın son illərə qədər ən böyük siyasi problemi olan Qarabağ məsələsinə görə Azərbaycan bu platformadan daha çox siyasi məsələlərin həllində əlverişli mühit yaradılması naminə istifadə edirdi. Amma Qarabağ problemi həll olunduqdan sonra Davos İqtisadi Forumunun iqtisadi investisiya, ticarət və texnoloji imkanlarından bəhrələnməsi üçün geniş imkanlar açıldı”.

Bu sözləri “Patrulaz”a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Davosda bir sıra ikitərəfli işgüzar görüşlərin keçirilməsi Azərbaycanın qarşısında iqtisadi nöqteyi nəzərdən böyük imkanlar açır: “Xüsusilə mühüm iqtisadi şirkətlərlə keçirilən görüşlər yeni dövrdə Azərbaycana investisiya və texnologiyaların cəlb olunması fürsətləri verir.

“OliverWyman Group” şirkəti isə konkret bir istiqamət üzrə böyük imkanlara malikdir və Azərbaycanda öz imkanlarını genişləndirmək haqqında düşünür. Bu cür şirkətlərin Azərbaycana gəlişi gələcək üçün yaxşı işlər vəd edir. Ölkə başçısının Davosda keçirəcəyi ikitərəfli görüşlər ölkəmizə investisiyaların və xarici ticarət şirkətlərin cəlb olunmasına öz töhfəsini verəcək. Qarabağ probleminin həll edilməsindən sonrakı mərhələdə Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatı üçün böyük şansdır”.


Bənzər xəbərlər