media-inshot_20251205_092601224

Son günlərdə dəm qazından zəhərlənmə hallarının ard-arası kəsilmir. Dəfələrlə, israrla dəm qazı barədə danışılmasına, təhlükəsizlik tədbirlərinin bildirilməsinə baxmayaraq insanlar təhlükəsizlik qaydalarına riayət etmir.

Bəs həyatımızı faciəylə sonlandırmamaq üçün hansı qaydaları bilmək vacibdir?

Patrul.az məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevə müraciət edib.

O bildirib ki, qaz təsərrüfatı olan hər bir sahədə təhlükəsizlik məsələsi prioritet olmalıdır:

“Qaz yanıcı və partlayıcı maddədir, düzgün istifadə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər. Bu baxımdan, qazın fiziki-kimyəvi xüsusiyyətlərini nəzərə alaraq, onun istifadəsində təhlükəsizlik tələblərinə tam əməl olunmalıdır.

Qaz təsərrüfatında təmir, quraşdırma, texniki xidmət və yenidənqurma işləri yalnız ixtisaslaşmış və rəsmi icazəsi olan müəssisələr tərəfindən həyata keçirilməlidir. Dost, qohum və ya tanışın bu sahədəki bacarığına etibar etməklə edilən müdaxilələr təhlükəli nəticələr doğura bilər”.

media-img-20251205-wa0007

Ekspert dedektorların vacibliyindən də söz açıb:

“Mənzillərdə qaz cihazlarından istifadə olunursa, mütləq dəm qazı (CO) dedektorları, qaz sızması dedektorları quraşdırılmalıdır.

Dəm qazı dedektorları yanma natamam olduqda əmələ gələn və çox təhlükəli olan CO qazının səviyyəsi yüksəldikdə səs siqnalı ilə xəbərdarlıq edir. Qaz sızması dedektorları isə sızma olduqda avtomatik olaraq qazın verilişini dayandırır və təhlükəni azaldır. Bu dedektorların istifadəsi qanunla da tələb olunur və onların quraşdırılması məcburidir”.

E. Nurəliyev dəm qazının necə yarandığı və hansı üsullarla qarşısının alına biləcəyini qeyd edib:

“Dəm qazı natamam yanma nəticəsində yaranır. Bu proses aşağıdakı hallarda baş verir:

– Otaqda kifayət qədər hava olmadıqda (hava dövranı zəifdirsə)

– Tüstü bacası standartlara uyğun deyilsə

– Bacada çat, dəlik, məişət tullantıları və ya digər maneələr varsa.

Bu səbəblə, qaz cihazı quraşdırılmış otaqda tüstü bacası işlək və möhkəm olmalıdır, ventilyasiya sistemi və nəfəsliklər olmalıdır, bacalar isə ildə azı 2 dəfə təmizlənməlidir”.

Müsahibimiz əlavə edib ki, dəm qazı ilə bağlı ən riskli sahələrdən biri hamam otaqlarıdır:

“Əslində, təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazlarının quraşdırılması tövsiyə olunmur. Ancaq əgər bu cür cihazlar quraşdırılıbsa, həmin yerdə güclü ventilyasiya olmalı, tüstü bacası işlək vəziyyətdə olmalı və dəm qazı dedektoru mütləq quraşdırılmalıdır.

Dəm qazı rəngsiz, qoxusuz və hiss olunmayan qazdır. Bu səbəblə onun yaratdığı təhlükə çox vaxt gec hiss olunur. İnsan bu qazı hiss etmədən zəhərlənə və həyatını itirə bilər.

Qaz təsərrüfatında təhlükəsizlik insan həyatının qorunması üçün əsas şərtdir. Bu tədbirlərə əməl etməklə qazla bağlı baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq mümkündür”.

Ləman Sərraf


Bənzər xəbərlər