Deputat: “Laçın Beynəlxalq Hava Limanı ölkəmizin strateji və logistik imkanlarının artırılmasına böyük dəstək verəcək”
“Laçın Beynəlxalq Hava Limanının açılışı və bu mərasimdə ölkə başçısı cənab İlham Əliyevlə birlikdə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi böyük əhəmiyyət kəsb edir və artıq ənənə halını alıb. Qarabağ və Şərqi Zəngəzurda inşa olunan Füzuli, Zəngilan və Laçın hava limanlarının hər üçünün açılışında qardaş ölkənin prezidentlərinin iştirakı dostluğun və müttəfiqliyin təntənəsidir, həm də dünyaya mesajdır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkilinin sözlərinə görə, Laçından keçən Orta Dəhliz və onun tərkib hissəsi olan Zəngəzur dəhlizinin gələcəkdə açılması bölgənin strateji əhəmiyyətini artıracaq və regionu mühüm logistik mərkəzə çevirəcək:
“Laçın Beynəlxalq Hava Limanı ölkəmizin strateji və logistik imkanlarının artırılmasına böyük dəstək verəcək. Ümumiyyətlə, Laçın coğrafi baxımdan əlverişli mövqedə yerləşən və füsunkar təbiətə sahib olan rayonlarımızdandır. Laçından keçən Orta Dəhliz və onun tərkib hissəsi olan Zəngəzur dəhlizinin gələcəkdə açılması ilə quru və dəmir yolu nəqliyyatı yalnız ölkəmiz üçün deyil, həm də region üçün vacib logistik mərkəzlərdən birinə çevriləcək.
Eyni zamanda, sadalanan məqamlar Azərbaycan-Çin münasibətlərinin inkişafına, ticarət əlaqələrinin genişlənməsinə, eləcə də yaxın gələcəkdə iki ölkə arasında vizasız səyahət və ticarət məhsullarının daşınması sahəsində əvəzsiz rol oynayır. Bütün bunlar Qarabağda yerləşən hava limanlarının fəaliyyət sahəsini daha da genişləndirəcək”.

Deputat dövlətin Qarabağ və Şərqi Zəngəzurda apardığı quruculuq işlərinə xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə icrasına başlanmış Böyük Qayıdış Dövlət Proqramının uğurla davam etdirildiyini qeyd edib. O bildirib ki, Laçın Beynəlxalq Hava Limanının beynəlxalq statusa malik olması bölgənin turizm potensialının artmasına və logistikanın inkişafına müsbət təsir göstərəcək:
“Laçın Hava Limanının beynəlxalq statusa malik olması bölgənin turizm potensialının artmasına və logistikanın inkişafına müsbət təsir göstərəcək. Qarabağ və Şərqi Zəngəzuru düşmən işğalından azad etdikdən sonra burada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, böyük infrastruktur layihələri, eləcə də əhalinin məşğulluğunun təmin olunması dövlət rəhbərinin xüsusi diqqət mərkəzindədir.
Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə icrasına başlanmış Böyük Qayıdış Dövlət Proqramı uğurla davam etdirilir. Qarabağa köçən və yenidən doğma yurd-yuvasında yaşayan insanlar üçün bütün zəruri şərait yaradılır, bölgənin iqtisadi dirçəlişi üçün mühüm addımlar atılır. Laçın Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması Şərqi Zəngəzur bölgəsi və Qarabağ iqtisadi rayonunun bütün sahələrdə hərtərəfli inkişafına əhəmiyyətli töhfə verəcək”.
Gülbəniz Səfərova






