media-inshot_20250606_101336097

Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə həm ölkədəki dini vəziyyət, həm də erməni katolikosu ilə mümkün görüş barədə fikirlərini bölüşüb.

Patrulaz.az xəbər verir ki, Allahşükür Paşazadə Azərbaycanın dinlərarası münasibətlər sahəsində nümunəvi mövqeyə sahib olduğunu qeyd edib. O bildirib ki, dünyanın müxtəlif bölgələrində dini zəmində qarşıdurmalar yaşanarkən, Azərbaycanda belə halların baş verməməsi dövlətin düzgün siyasəti sayəsində mümkün olub.

“Dünyanın bəzi yerlərində müsəlmanlar arasında iğtişaşlar baş verir. Böyük xoşbəxtlikdir ki, Dünya Müsəlman Ağsaqqallar Şurasının keçirdiyi konfransda qərar qəbul edildi. İslamdaxili münasibətlərin düzgün qurulması ilə bağlı razılığa gəlindi və orada qeyd edildi ki, Azərbaycan bu sahədə nümunə götürülməlidir. Yazılı bəyannamə qəbul edildi. Bu yaxınlarda biz o bəyannaməni çap edəcəyik. Dövlət başçımızın apardığı siyasət sayəsində Azərbaycanda dinlərarası iğtişaş yoxdur”, – deyə o vurğulayıb.

Paşazadə erməni katolikosu II Qaragenlə bağlı da sualları cavablandırıb. Onun sözlərinə görə, din xadimi siyasi mövqedə çıxış etdikdə, belə görüşlər əhəmiyyətini itirir:

“Qaragen dini sifətindən başqa siyasi sifətə bürünüb. Din adamının bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də, hələki onunla görüşmək planım yoxdur”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə yaxın zamanda yeni Roma Papası ilə görüşəcəyini də açıqlayıb. Onun sözlərinə görə, Müsəlman Ağsaqqallar Şurasının növbəti görüşünün Vatikan şəhərində keçirilməsi planlaşdırılır və həmin səfər çərçivəsində Roma Papası Robert Frensis Prevostla da bir araya gəlməsi gözlənilir. Paşazadə əlavə edib ki, Roma Papasının gələcəkdə Azərbaycana səfər etməsi ehtimalı da istisna olunmur.


Bənzər xəbərlər