media-inshot_20251216_175809235

“Azərbaycanda elə təhsil müəssisələri var ki, orada şagird sayı yetərincə deyil. Azərbaycanda şagird sayı az olan bəzi məktəblər distant təhsilə keçəcək”.

Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində deyib.

Bəs distant təhsilin üstün və mənfi cəhətləri nələrdir?

Patrul.az mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlunun fikirlərini öyrənib.

O məsələni bir neçə aspektdən qiymətləndirib:

“Prinsip etibarilə distant təhsil nə yaxşıdır, nə də pis. Burada əsas məsələ onun harada, kimlər üçün və necə tətbiq olunması ilə bağlıdır.

Məsələn, şagird sayı az olan məktəblərdə distant təhsilin tətbiqi müəyyən mənada iqtisadi cəhətdən məntiqlidir. Çünki 5-10 nəfərlik şagird kontingenti üçün ayrıca bina, texniki təchizat, müəllim heyəti saxlamaq dövlət üçün yüksək xərc tələb edir. Bu baxımdan, bəzi kənd məktəblərində eyni müəllimin bir neçə fənni keçməsi və bunun nəticəsində keyfiyyətin aşağı olması müşahidə olunur. Distant təhsil vasitəsilə daha ixtisaslaşmış müəllimlərin dərs deməsinə şərait yaratmaq mümkündür.

Lakin bununla yanaşı ciddi risklər də mövcuddur. Ən başlıcası, ibtidai və əsas sinif şagirdləri üçün distant təhsilin həm təlim, həm də tərbiyə baxımından zəif nəticə verməsi ehtimalı yüksəkdir. Burada həm texniki infrastruktur (internet, kompüter, cihazların keyfiyyəti), həm də sosiallaşma problemləri ortaya çıxır. Məktəb təkcə bilik verilən yer deyil, həm də uşaqların sosiallaşdığı məkandır. Distant formatda şagirdlər bu imkanlardan məhrum olur”.

media-img-20251216-wa0080

Ümumi qiymətləndirməyə gəldikdə isə ekspert bildirib ki, orta məktəblərdə distant təhsil yalnız istisna və məcburi hallar üçün, çox məhdud çərçivədə tətbiq olunmalıdır:

“Amma universitetlərdə distant və hibrid model əsas təhsil istiqaməti kimi formalaşmalıdır. Şəhərsalma baxımından bu model düzgün tətbiq olunsa, tıxac və mərkəzləşmə kimi problemlərin aradan qaldırılmasında real təsir göstərə bilər.

Qeyd etmək lazımdır ki, universitetlər səviyyəsində distant təhsilə gecikmişik, amma buna baxmayaraq, bu modeli daha çox orta məktəblərə tətbiq etməyə çalışırıq. Bu isə ciddi suallar doğurur. Orta məktəblərdə şagird sayı nisbətən azdır və təhsilin təşkili baxımından daha əlverişli alternativ yollar düşünülməlidir – məsələn, nəqliyyatın təşkili və ya digər lokal həllər”.

Həmsöhbətimiz qeyd edib ki, distant formada təhsilin keyfiyyətli olub-olmayacağı da ciddi müzakirə mövzusudur:

“Xüsusilə ibtidai sinif səviyyəsində bu modelin effektivliyi şübhəlidir. Bu yaş qrupu üzrə təhsil təkcə məzmun ötürməkdən ibarət deyil, müəllim-şagird ünsiyyəti, sosiallaşma və diqqət üzərində qurulmalıdır. Belə olan halda, valideynlərin və ya müəllimlərin bu prosesdə birbaşa iştirakını tələb edən model işlək sayılmır.

Eyni zamanda, ölkə üzrə internet və texnoloji avadanlıqlar baxımından bərabər imkanlar mövcud deyil. Bütün bölgələrdə stabil və sürətli internet yoxdur, hər evdə kompüter və ya distant təhsili dəstəkləyən telefonlar mövcud deyil. Əgər distant təhsil geniş tətbiq ediləcəksə, bu halda dövlət bütün şagirdləri kompüter və internetlə təmin etməlidir. Əks halda, sosial bərabərsizliklər daha da dərinləşəcək”

R.Fikrətoğlu hesab edir ki, xüsusilə ibtidai və 9-cu sinfə qədər olan şagirdlər üçün distant təhsil effektiv olmayacaq:

“Çünki nə uşaqlar, nə ailələr, nə də infrastruktur buna tam hazır deyil. Hazırda ali təhsildə belə distant format geniş tətbiq olunmur, o halda ibtidai siniflərə keçid nə qədər realdır?

Universitet səviyyəsində distant təhsilin geniş tətbiq olunmamasının da obyektiv səbəbləri var. Burada əsas məsələ keyfiyyətə nəzarət çətinlikləri, imtahanların obyektivliyi, plagiat və kənardan kömək risklərinin artmasıdır. Eləcə də, bəzi fənlər – laboratoriya, klinik və praktik dərslər – distant şəkildə effektiv şəkildə keçilə bilmir. Digər tərəfdən, universitetlərin müəyyən institusional maraqları var: auditoriyalar, yataqxanalar, nəqliyyat və şəhər infrastrukturunun bu sistemə bağlılığı onların tam distant formata keçməsini ləngidir.

Tam distant təhsil modeli bəzi universitetlər üçün həm maliyyə, həm də struktur baxımından risklər yarada bilər. Eyni zamanda, cəmiyyətdə distant təhsilə qarşı formalaşmış psixoloji bir yanaşma var: universitetə fiziki olaraq getməyən tələbənin “oxumadığı” düşüncəsi hələ də mövcuddur. Bu da bu modelin geniş tətbiqində ciddi sosial baryerlərdən biridir.

Regionlar və Bakı şəhərinə olan gündəlik miqrasiya axını məsələsinə gəldikdə, bu, distant təhsil modelinin potensial üstünlüklərindən biri kimi çıxış edir. Universitetlərin qismən distant formata keçidi Bakıya olan axını azalda, nəqliyyatdakı tıxacları və infrastruktur üzərindəki yükü yüngülləşdirə bilər. Eyni zamanda, kirayə və yaşayış xərcləri də azalar. Xüsusilə mühazirələrin distant, seminar və praktik məşğələlərin isə ayda bir neçə gün əyani şəkildə təşkili modeli bir çox ölkələrdə uğurla tətbiq olunur və nəticə verir.

Əlavə olaraq, uşaqların təhsilalma hüququ Konstitusiya ilə tanınmış bir hüquqdur və bu hüquq onlardan alına bilməz. Dövlət, əgər distant təhsili tətbiq etməyi planlaşdırırsa, bu zaman şagirdlərin kompüter, internet və texniki avadanlıqla təminatı tam şəkildə həyata keçirilməlidir. Əks halda, bu hüququn həyata keçirilməsində ciddi maneələr yaranacaq və Konstitusiyanın tələblərinə zidd vəziyyət formalaşacaq.

Beləliklə, distant təhsil yalnız konkret hallar üçün, müəyyən yaş və səviyyələrdə, uyğun şərtlərlə və texniki dəstəklə tətbiq olunarsa, effektiv ola bilər. Əks halda, bu sistem həm təhsilin keyfiyyətinə, həm də sosial bərabərliyə zərər verə bilər”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər