“Dolların bahalaşması qızılın qiymətinə təsir göstərir “ İqtisadçı açıqladı
Son günlər əmtəə bazarlarında qızılın qiymətində dalğalanmalar müşahidə olunur. Qızıl bir neçə dəfə artıb-azalsa da, hazırda qiymətində enmə tendensiyası diqqət çəkir. Bu vəziyyət investorlar və iqtisadiyyatla maraqlananlar üçün bir sıra suallar doğurur.
Bəs qızılın qiymətinin düşməsinin əsas səbəbləri nələrdir?
Bu barədə iqtisadçı Xalid Kərimli Patrul.az-a açıqlamasında bildirib ki, qızıl hələ də yüksək səviyyədə olsa da, dolların bahalaşması səbəbindən son günlər qiymətdə enmə müşahidə edilir:
“Qızıl bir qədər düşsə də, hələ də yüksək səviyyədədir. Sizə qızılın son bir il ərzində nə qədər artdığını deyim: son 12 ayda qızıl 56,15 faiz artıb. İlin əvvəlində isə 53,7 faiz artım qeydə alınmışdı. Yəni son bir ildə ümumilikdə 56 faizlik artım böyük göstəricidir.
Bəs niyə son günlər düşür? Qızılın qiymətinin son günlərdə enməsinin əsas səbəbi birjalardakı proseslərdir. Ümumiyyətlə, birjalarda davamlı qalxma və ya davamlı düşmə olmur, proses dalğavari şəkildə gedir. Əsas analiz trendə illik və aylıq dəyişikliklərə baxmaqdır. Son 3–5 gündə qiymətin enməsinin əsas səbəbi dolların bahalaşmasıdır. Dollar bahalaşanda qızılın qiyməti düşür, çünki qızılın qiyməti ABŞ dolları ilə ifadə olunur və birjalarda dollarla alınıb-satılır. Dollar dəyər qazandıqca qızılın dollarda ifadə edilən qiyməti azalır”.
İqtisadçının sözlərinə görə, investorlar FED-in faiz siyasətinə dair gözləntilərə görə qızıl bazarını diqqətlə izləyir, çünki dolların dəyəri və bazarlardakı narahatlıq birbaşa qızılın qiymətinə təsir göstərir:
“İkincisi, Amerika Mərkəzi Bankının faiz dərəcələrini necə tənzimləyəcəyi ilə bağlı gözləntilər mövcuddur. Qızılın qiyməti yüksək olduğu üçün investorlar hazırda FED-in qərarlarını və növbəti il üzrə proqnozlarını gözləyirlər ki, bundan sonra daha rahat investisiya qərarları verə bilsinlər. Məsələ bundadır ki, növbəti aylarda Amerika Mərkəzi Bankının faiz siyasəti dolların dəyərini müəyyənləşdirəcək və bu da qızılın qiymətinə təsir edəcək. Son günlər həm səhmlərdə, həm də neft bazarında müəyyən enmələr müşahidə olunur. Amerikanın iqtisadi göstəriciləri bazarlarda müəyyən narahatlıq yaradıb”.
Cəmilə Cəfərzadə






