media-inshot_20260429_102623001

ABŞ-də keçirilən son rəy sorğuları Prezident Donald Trampın xalq arasındakı nüfuzunun ciddi şəkildə azaldığını göstərir.

Patrul.az xəbər verir ki, Harvard CAPS/HarrisX tərəfindən 23-26 aprel 2026-cı il tarixlərində keçirilmiş genişmiqyaslı sorğunun nəticələrinə görə, Trampın reytinqi 42%-ə enib. Bu, son bir il ərzində qeydə alınan ən aşağı göstəricidir.

2745 seçicinin iştirak etdiyi sorğuda respondentlərin 52%-i ölkə iqtisadiyyatının vəziyyətini keçmiş prezident Co Baydenin dövrü ilə müqayisədə daha acınacaqlı hesab edir. Seçicilər bu geriləməni əsasən İranla davam edən hərbi gərginlik fonunda benzin qiymətlərinin kəskin artması və yaşayış xərclərinin yüksəlməsi ilə əlaqələndirirlər.

Sorğunun maraqlı məqamlarından biri də odur ki, iqtisadi çətinliklərə baxmayaraq, seçicilərin 52%-i ABŞ-nin İrana qarşı hava hücumlarını dəstəkləyir.

Bununla belə, respondentlərin 35%-i (nisbi çoxluq) aparılan müharibənin konkret və aydın bir istiqamətinin olmadığını düşünür. Buna baxmayaraq, rəyi soruşulanların böyük əksəriyyəti İranın zənginləşdirilmiş urandan imtina etməyə məcbur edilməsi istiqamətindəki səyləri müsbət qiymətləndirir.

Analoji vəziyyət digər nüfuzlu mərkəzlərin tədqiqatlarında da özünü büruzə verir. Reuters/Ipsos agentliyinin mart və aprel aylarını əhatə edən rəy sorğuları Trampın dəstək reytinqinin 36-42% aralığında tərəddüd etdiyini göstərir.

Ekspertlər hesab edir ki, yanacaq bazarındakı qeyri-stabillik və inflyasiya təzyiqi prezidentin siyasi reytinqinə birbaşa mənfi təsir göstərən əsas faktorlardır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər