media-photo-output

“Dondurularaq qurudulan meyvələr dünyada olduğu kimi ölkəmizdə də geniş yayılır. Bu texnologiyanın əsas məqsədi meyvəni əvvəlcə çox aşağı temperaturda dondurmaq, daha sonra isə tərkibindəki suyu vakuum altında buxarlandıraraq çıxarmaqdır. Bu proses zamanı meyvənin quruluşu qorunur, lakin tərkibindəki suyun böyük hissəsi çıxır. Beləliklə, uzun müddət xarab olmayan, yüngül, quru, amma dad və qoxu baxımından təbii meyvəyə çox yaxın bir məhsul əldə olunur”.

Bu fikirləri Patrul.az-a dondurularaq qurudulan meyvələr haqqında danışan sağlam qida təbliğatçısı Asim Vəliyev səsləndirib.

Mütəxəssis bildirib ki, dondurularaq qurudulan meyvələr klassik qurudulmuş meyvələrlə müqayisədə vitamin və antioksidant baxımından daha zəngin qalır:

“Çünki yüksək temperatur tətbiq edilmir. Nümunə olaraq deyə bilərik ki, C vitamini istiliyə həssas olduğuna görə adi qurutma zamanı xeyli azalır. Dondurularaq qurudulma texnologiyasında isə daha yaxşı qorunur. Həmçinin meyvənin lif tərkibi də dəyişmir. Bu isə həzm sisteminə müsbət təsir edir, toxluq hissini artırır və bağırsaq mikroflorasına dəstək verir. Qısa desək, bu meyvələr təzə meyvənin qida dəyərinə ən yaxın quru formada əldə edilən versiyadır. Amma vacib bir məqam var: su tam çıxarıldığı üçün məhsulun tərkibi yığcamlaşır. Məsələn, 20 qram dondurularaq qurudulmuş çiyələk təxminən 200 qram təzə çiyələyə bərabərdir. Yəni şəkər, turşuluq və enerji də sıxlaşır. Ona görə diabet xəstələri və çəki nəzarəti aparan insanlar bu məhsulları ‘quru meyvə’ kateqoriyasında qiymətləndirməlidirlər. Faydalı olsa da, porsiya ölçüsü çox önəmlidir.

Bu məhsullara tələbatın artmasının əsas səbəblərindən biri uzun rəf ömrünə malik olmasıdır. Tərkibində su olmadığı üçün bu meyvələr asanlıqla xarab olmur və kimyəvi qoruyucu əlavə etməyə ehtiyac qalmır. Bu da sağlam qida axtaran insanlar üçün üstünlükdür”.

Asim Vəliyev əlavə edib ki, artan marağın digər səbəblərindən biri də bu meyvələrin praktik olmasıdır:

“Yüngüldür, yapışmır, çantada və hətta cibdə belə rahat daşına bilir. Uşaqlar üçün qəlyanaltı, idmançılar üçünsə enerji mənbəyi kimi çox əlverişlidir. Üstəlik, təzə meyvənin dadını demək olar tam saxlayır. Buna görə də qida sənayesində yoqurt, dondurma, şirniyyat və digər məhsullarda geniş istifadə olunur.

Bundan başqa, insanlar son illər qida təhlükəsizliyi mövzusunda daha həssasdır. Yüksək temperaturla qurudulan, şəkər və konservant əlavə edilən məhsullardansa, sadəcə suyu çıxarılmış təbii meyvəyə üstünlük verilir.

Digər bir səbəb isə mövsümsüz satışa çıxarılan meyvələrlə müqayisədə mövsümündə dondurularaq qurudulmuş məhsulların daha sağlam və təhlükəsiz olmasıdır”.

Ləman Sərraf


Bənzər xəbərlər