"Dövlət başçımız bu sammit vasitəsilə Azərbaycanın mövqeyini bir daha açıq şəkildə bəyan etdi" - Vüqar İskəndərov
Dünən Ermənistanın paytaxtı İrəvanda “Avropa Siyasi Birliyi”nin VIII sammiti keçirilib. 50-yə yaxın dövlət başçısının qatıldığı bu sammit Azərbaycan və Ermənistan arasında münasibətlərin istiləşməsi fonunda mühüm diplomatik platformaya çevrilib.
Xüsusilə də dövlət başçımızın videoəlaqə vasitəsilə sammitə qoşularaq səsləndirdiyi fikirlər, Nikol Paşinyanın ona təşəkkür etməsi və dünya liderlərinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək verən mesajları diqqət çəkdi.
Onu da qeyd edək ki, 2028-ci ilin birinci yarısında sammitə Azərbaycan ev sahibliyi edəcək.
Bu mənada “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə Toplantısının əhəmiyyətini və dövlət başçımızın nitqindəki əsas məqamları Patrul.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov şərh edib.
Onun sözlərinə görə, dövlət başçımız çıxışı ilə bir daha Azərbaycanın mövqeyini ortaya qoydu:
“İrəvanda təşkil olunan Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısının keçirilməsinə Azərbaycan tərəfi də razılıq vermişdi. Cənab Prezident İlham Əliyev də bunu öz nitqində bildirdi. Dövlət başçımız bu sammitə videoəlaqə vasitəsilə qatıldı və çox vacib məzmunlu çıxış etdi. O, Azərbaycan və Ermənistan arasındakı sülh münasibətlərinin formalaşmasının hər iki ölkə tərəfindən vasitəçisiz aparıldığını, tərəflərin göstərdiyi səyləri, ölkəmizin Ermənistana göndərdiyi enerji məhsullarını və Azərbaycan üzərindən daşınan digər məhsulları qeyd etdi. Artıq 9 aydır ki, hər iki ölkənin sülh şəraitində yaşaması böyük uğur sayılmalıdır. Cənab Prezident bu məsələlərə dəstək verən Avropa Komissiyasına təşəkkürünü bildirdi.
Amma dövlət başçımız iki vacib məqama da toxundu. O, kəskin şəkildə Avropa təsisatlarını, Avropa Şurasının Parlament Assambleyasını və Avropa Parlamentini ciddi tənqid etdi. Onların yürüdüyü siyasət nə müasir siyasi proseslərə, nə insanlığa, nə də bəşəriyyətə adekvatdır. Çünki bu proseslərdə ksenofobiya, anti-Azərbaycan və anti-türk meyilləri, Azərbaycanın uğurlarına qısqanclıq, müxtəlif lobbi maraqlarına xidmət və korrupsiya faktları müşahidə olunur. Bütün bunlar həm Avropa Şurasının, həm də Avropa İttifaqı Parlamentinin qeyri-rasional yanaşmasının nəticəsidir. Dövlət başçımız da bunu sammit iştirakçılarının diqqətinə çatdırdı və Azərbaycanın mövqeyini bəyan etdi.
Əsasən, çıxışında vasitəçilərsiz Azərbaycan və Ermənistan arasında sülhün normallaşmasından və ölkəmizin bu istiqamətdə verdiyi töhfələrdən bəhs etdi. 2028-ci ildə bu sammitin Azərbaycanda keçiriləcəyini də xatırlatdı”.

“Ümumiyyətlə, İrəvanda keçirilən Zirvə Toplantısında əsas müzakirə mövzusu Azərbaycanın bölgədə yaratdığı reallıqlar idi. Çünki 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycanın suverenliyini tam bərpa etməsi nəticəsində bölgədə yeni reallıqlar formalaşıb və bu fonda iki ölkə sülhə yaxınlaşıb. Tərəflərin bir-birini dəstəkləməsi, sərhədlərin delimitasiyasına başlanılması, sülh müqaviləsinin paraflanması və Vaşinqton görüşlərində əldə olunan nəticələr onu deməyə əsas verir ki, biz bunu bacardıq.
Əgər Avropa təsisatları və Avropa Komissiyası real sülhün tərəfdarıdırsa, təbii ki, əməli addımlar atmalıdır. Bu məsələdə bölgənin lider dövləti olan Azərbaycanın mövqeyi nəzərə alınmalıdır. Gələcək TRIPP layihəsi və enerji təşəbbüsləri də ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Artıq Azərbaycan və Ermənistan birgə layihələr icra etməklə sülhə sadiq olduqlarını nümayiş etdirirlər.
Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısındakı çıxışında bütün bu vacib məqamlar əksini tapdı, ölkəmizin milli maraqları və uğurlu siyasəti sammit iştirakçılarının diqqətinə çatdırıldı”, – deyə deputat əlavə edib.
Gülbəniz Səfərova






