media-inshot_20260518_121159524

Saçı ən çox nə zədələyir: boya, fen, yoxsa daraq? Məlum olur ki, təhlükə bəzən hamamdan çıxan kimi başlayır. Bir çox insan yaş saçları dərhal daramağın zərərsiz olduğunu düşünür. Halbuki mütəxəssislər bunun saç üçün ən riskli anlardan biri olduğunu deyirlər.

Bioloq İrina Lyalina “Gazeta.ru” nəşrinə açıqlamasında bildirib ki, yaş saç yüksək elastikliyə malik olduğu üçün daha tez dartılır, qırılır və zədələnir. Səbəb isə saçın su ilə təmas zamanı strukturunun dəyişməsidir.

Patrul.az-ın araşdırmasına görə, saç islandıqda onun xarici qoruyucu təbəqəsi olan kutikula açılır. Bu zaman saç həm yumşalır, həm də elastikləşir. İlk baxışda bu yaxşı xüsusiyyət kimi görünə bilər. Amma əslində elastiklik saçın müqavimətini azaldır. Daraq saç telini dartdıqda o əvvəlki kimi sərt dayanmır, uzanır və nəticədə qırılır. Xüsusilə də saç dibindən uclara qədər sərt şəkildə daranırsa, zədələnmə daha da artır.

Mütəxəssislərin fikrincə, saçın ən azı 70-80 faizi quruduqdan sonra daranması daha təhlükəsizdir. Bu, xüsusilə uzun saçlı insanlar üçün vacibdir. Çünki yaş halda saç telləri bir-birinə daha çox dolaşır və onları ayırmaq üçün daha güclü mexaniki təsir tələb olunur.

Qıvrım və qalın saçlarda isə risk ikiqat artır. Belə saçlar təbii olaraq daha çox dolaşdığı üçün yaş halda darananda qırılma ehtimalı yüksəlir. Buna görə ekspertlər seyrək dişli daraqdan istifadə etməyi və saç açıcı kondisioner-sprey tətbiq etməyi tövsiyə edirlər. Əks halda saç telində mikroçatların yaranması mümkündür. Bu çatlar zamanla saçın matlaşmasına, ucların haçalanmasına və ümumi zəifləməsinə səbəb olur.

Maraqlıdır ki, bir çox insan saç tökülməsinin səbəbini vitamin çatışmazlığı və ya stresdə axtarsa da, gündəlik yanlış qulluq vərdişləri də eyni dərəcədə təsir göstərə bilər. Xüsusilə duşdan sonra saçı dəsmalla sərt şəkildə ovuşdurmaq və dərhal daramaq saçın müdafiə qatını zədələyən əsas amillərdən sayılır.

Ən təhlükəsiz üsul saçın suyunu yumşaq dəsmalla almaq, bir qədər təbii üsulla qurumasını gözləmək və yalnız bundan sonra ehtiyatla daramaqdır. Çünki sağlam saçın sirri bəzən bahalı məhsullarda yox, ən sadə gündəlik vərdişlərdə gizlənir.

Ləman Sərraf


Bənzər xəbərlər