“Əgər aliment ödəyən valideyn vəfat edərsə…” - Rəhim Xoyski
Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə məcəlləsinə əsasən, valideynlər uşaq saxlamaq barədə saziş bağlaya ilirlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödəyə bilər. Amma bu həbmişə belə deyil. Valideynlər rəsmi nikahda olduqları müddətdə də uşaqlarını saxlamadıqları müddətdə aliment məhkəmə qaydasında tutula bilər.
Aliment ödəyən valideyn vəfat edərsə, bu zaman alimenti kim ödəməlidir?
Patrul.az bunuj ilə bağlı hüquqşünas Rəhim Xoyskiyə müraciət edib.
Müsahimiz qeyd edib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, Məcəllənin 113.1-ci (saziş üzrə) və 113.2.6-cı (məhkəmə qaydasında) maddələrinə əsasən, aliment ödəyən şəxs vəfat etdikdə aliment öhdəliklərinə xitam verilir:
“Yəni həmin şəxsin vəfatından sonrakı dövrlər üçün artıq aliment hesablanmır və bu öhdəlik başqa şəxsə (məsələn, onun valideynlərinə və ya digər qohumlarına) avtomatik olaraq keçmir.
Əgər şəxs vəfat edənə qədər alimenti ödəməyibsə və müəyyən məbləğdə aliment borcu yaranıbsa, bu borc mülki qanunvericiliyə əsasən vərəsəlik kütləsinə daxil olur. Vəfat edən şəxsin vərəsələri mirası qəbul etdikləri təqdirdə, onlara çatan payın dəyəri həcmində həmin borcu ödəməli olurlar”.

Hüquqşünas əlavə edib ki, valideyn vəfat etdikdən sonra uşağın saxlanılması dövlət tərəfindən təmin olunan sosial müdafiə mexanizmləri ilə həyata keçirilir:
“Bu halda uşaq üçün “Ailə başçısını itirməyə görə pensiya” və ya müvafiq sosial müavinət təyin edilir. Bunun üçün uşağın qanuni nümayəndəsi (digər valideyn və ya qəyyum) müvafiq icra hakimiyyəti orqanına (DOST mərkəzlərinə və ya DSMF-yə) müraciət etməlidir.
İstisna hallarda, əgər uşaq valideynlərindən (və ya sağ qalan valideyndən) saxlanc ala bilmirsə, uşağın saxlanılması üçün kifayət qədər vəsaiti olan babasından və nənəsindən məhkəmə qaydasında aliment tələb edilə bilər (Ailə Məcəlləsi, Maddə 85). Lakin bu, vəfat edən valideynin aliment öhdəliyinin birbaşa davamı deyil, müstəqil bir tələbdir”.
“Xülasə olaraq, valideyn vəfat etdikdə onun aylıq aliment ödəmək borcu başa çatır, uşağın maddi təminatı isə dövlət pensiyası və ya zərurət olduqda digər yaxın qohumların yardımı ilə həyata keçirilir”,– deyə o, sözlərini sonlandırıb.
Ləman Sərraf






