media-inshot_20260520_144543130

Bəzən insan fiziki olaraq yox, emosional olaraq yorulur. Səhər yuxudan oyansa da, sanki heç dincəlməyib. Əvvəllər zövq aldığı şeylər maraqsız görünür, ən sadə söhbətlər belə əsəbiləşdirir. Psixoloqlar bu vəziyyəti emosional tükənmə adlandırırlar və bildirirlər ki, bu, sadəcə yorğunluq deyil, psixikanın uzunmüddətli gərginliyə verdiyi ciddi reaksiyadır.

Patrul.az-ın araşdırmasına görə, emosional tükənmə adətən bir gündə yaranmır. Bu vəziyyət aylarla, bəzən illərlə davam edən stress, məsuliyyət yükü, emosional təzyiq və öz ehtiyaclarını davamlı şəkildə arxa plana atmaq nəticəsində formalaşır. Ən çox isə daim başqalarına cavabdeh olan insanlarda — valideynlərdə, müəllimlərdə, həkimlərdə, xidmət sektorunda çalışanlarda və emosional yükü ağır olan peşə sahiblərində müşahidə edilir.

Mütəxəssislərin fikrincə, emosional tükənmənin ilk əlamətlərindən biri insanın əvvəllər asanlıqla gördüyü işlərə qarşı belə gücsüz və həvəssiz hiss etməsidir. Kiçik problemlər böyüyür, diqqəti toplamaq çətinləşir, qərar vermək yorucu görünür. İnsan bəzən səbəbsiz yerə əsəbiləşir, yaxınlarına qarşı daha sərt davranır və ya əksinə, tam laqeyd hala gəlir.

Ən təhlükəli məqamlardan biri isə odur ki, bir çox insan bu vəziyyəti “tənbəllik”, “ərköyünlük” və ya “özünü çox yükləmək” kimi qiymətləndirir. Halbuki emosional tükənmə zamanı beyində və sinir sistemində real dəyişikliklər baş verir. Uzunmüddətli stress kortizol hormonunun səviyyəsini artırır, bu isə həm psixoloji, həm də fiziki vəziyyətə təsir göstərir. Nəticədə yuxu pozğunluğu, baş ağrıları, ürəkdöyünmə, iştahasızlıq və daimi halsızlıq yarana bilər.

Psixoloqlar bildirirlər ki, emosional tükənmiş insanın ən tipik xüsusiyyətlərindən biri “heç nə hiss etməməkdir”. İnsan nə tam kədərlənə bilir, nə də sevinə. Çünki psixika davamlı gərginlikdən sonra özünü qoruma rejiminə keçir və emosiyaları “söndürməyə” başlayır. Bu mərhələdə insan tez-tez “mən əvvəlki kimi deyiləm” hissini yaşayır.

Maraqlıdır ki, emosional tükənmə yalnız çox işləyən insanlarda olmur. Daim özünü güclü göstərməyə çalışan, hislərini içində saxlayan və hər kəs üçün “dayaq” rolunu oynayan insanlar da risk altındadır. Çünki psixika da bədən kimidir, fasiləsiz işləyə bilmir. Necə ki, telefon davamlı istifadə olunduqda enerji yığmadan sönür, insan da emosional resurslarını yeniləmədikdə tükənməyə başlayır.

Mütəxəssislər hesab edirlər ki, emosional tükənmənin qarşısını almağın ən vacib yollarından biri insanın öz yorğunluğunu vaxtında qəbul etməsidir. Çünki bir çoxları yalnız tam gücdən düşəndən sonra dayanmağa çalışır. Halbuki psixika əvvəlcədən siqnallar verir: hər şeydən bezmək, insanlardan uzaqlaşmaq istəyi, tez qıcıqlanmaq, səbəbsiz ağlamaq və ya davamlı yorğunluq hissi bunların ən əsaslarıdır.

Psixoloqların fikrincə, emosional sağlamlıq lüks yox, ehtiyacdır. İnsan daim güclü görünməyə çalışdıqda bir müddət sonra ən sadə həyat ritmi belə ağır gəlməyə başlayır. Bəzən isə istirahət yalnız yatmaq deyil, məsuliyyətdən qısa müddət uzaqlaşmaq, “yox” deməyi bacarmaq, dəstək almaq və öz hislərini görməzdən gəlməməkdir.

Çünki insanın daxili yorulanda, bunu bədən gec-tez mütləq hiss etdirir.

Ləman Sərraf


Bənzər xəbərlər