media-inshot_20251008_152527131

Son illər dövlət xidmətlərinin rəqəmsallaşdırılması və elektron platformalar üzərindən göstərilməsi vətəndaşlara daha çevik və rahat xidmət imkanları yaradıb. Bu çərçivədə əmək pensiyaları ilə bağlı qərarların Elektron Hökumət portalı üzərindən təqdim edilməsi də bu prosesin bir hissəsidir.

Bəs bu yenilik vətəndaşlar üçün hansı rahatlıqları təmin edəcək və hansı məqsədlə həyata keçirilir?

Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Uşaq ədəbiyyatı”, “Ədəbiyyat qəzeti”ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiri Elnarə Akimova Patrulaz.az-a açıqlamasında bildirib ki, vətəndaşlar pensiya qərarlarını elektron platformalar vasitəsilə kağız daşıyıcısına ehtiyac olmadan əldə edərək sıra gözləmədən və bürokratiyadan azad olacaqlar:

“Əmək pensiyaları ilə bağlı qərarların Elektron Hökumət portalı üzərindən təqdim edilməsi vətəndaşlar üçün həm vaxt, həm də məsafə baxımından ciddi rahatlıq təmin edəcək.

Birincisi, artıq vətəndaş pensiya təyinatı və ya yenidən hesablanma ilə bağlı qərarın kağız daşıyıcısını almaq üçün dövlət qurumuna getməyəcək. Bütün məlumatlar elektron qaydada “myGov” və ya “e-gov.az” platformasında əlçatan olacaq. Bu da bürokratik prosedurları azaldır, sıra gözləmələrini aradan qaldırır və şəffaflığı artırır.

İkincisi, elektron təqdimat vətəndaşın pensiya qərarına onlayn nəzarət imkanını yaradır, yəni kimə, nə vaxt və hansı əsasla təyin olunduğu sistemdə izlənilə bilər”.

E. Akimova bu dəyişikliklə bağlı vurğulayıb ki, əsas məqsəd avtomatlaşdırılmış, şəffaf və vətəndaş yönümlü xidmət modelinin formalaşdırılmasıdır:

“Bu dəyişiklik həm də dövlətin rəqəmsal idarəetməyə keçid strategiyasının bir hissəsidir. Əsas məqsəd sosial təminat sistemində insan amilini minimuma endirmək, avtomatlaşdırılmış, şəffaf və vətəndaş yönümlü xidmət modeli formalaşdırmaqdır. Yekun olaraq, bu addım vətəndaş məmnunluğunu artırmaqla yanaşı, sosial siyasətin idarə olunmasında müasir, çevik və hesabatlı yanaşmanı təmin edəcək”.

Deputatın sözlərinə görə, bu dəyişiklik vətəndaşlara daha çevik, şəffaf və rahat pensiya xidməti göstərərək sosial təminat sistemində məmnunluğu artıracaq.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər