media-inshot_20250825_225421089

Hər il olduğu kimi, bu il də ali təhsil müəssisələrinə imtahan verən abituriyentlərin sayı çoxluq təşkil edib. Avqustun 22-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən açıqlanan nəticələrə görə, ali təhsil müəssisələrinə qəbul müsabiqəsində 88 756 nəfər iştirak edib. Onlardan 57 236 nəfəri, o cümlədən 6 461 subbakalavr, ali təhsil müəssisələrinə qəbul olunub.

Abituriyentlər üçün bu dövr həm maraqlı, həm də son dərəcə gərgin bir mərhələdir. İmtahan nəticələrinin açıqlanması, yığılan balların müəyyən etdiyi ixtisas seçimi və qəbulun nəticələri gənclərdə böyük stres yaradır. Həmin gün demək olar ki, bütün ailələr həyəcanla nəticələri gözləyir. Bir evdə sevinç qışqırıqları və göz yaşları eşidildiyi halda, başqa bir evdə isə kədər və sükut hökm sürür. Universitetə qəbul ola bilməyən uşaqlarda artıq psixoloji gərginliklər baş verir. Bununla yanaşı, valdeynlər də övladlarına təzyiq göstərməyə başlayırlar.

Bəs bu kimi hallarda uşaqlara necə yanaşılmalıdır?  Valdeynlər övladları ilə davranışını necə tənzimləməlidir?

Məsələ ilə bağlı Patrulaz.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, valideynlər bu mərhələdə əsas nəticəyə deyil, uşaqlarının göstərdiyi səyə dəyər verməlidirlər:

“Ali təhsil müəssisələrinə qəbul prosesi gənclərin həyatında önəmli bir mərhələdir. Qəbul ola bilməyən abituriyentlərin üzləşdiyi psixoloji təzyiq və bəzi valideynlərin emosional reaksiyaları təəssüf ki, onların psixoloji rifahına mənfi təsir göstərir. Əslində isə qəbul nəticəsi insanın dəyərini, gələcək imkanlarını və uğur şanslarını müəyyən etmir. Valideynlərə tövsiyə edərdim ki, övladlarını yalnız nəticəyə görə deyil, göstərdikləri səy və əzmə görə dəstəkləsinlər. Tənqid və müqayisə əvəzinə inam, güvən və stimul verən sözlər uşaqların özünə hörmətini qoruyur. Əks halda, təzyiq və qınaq onların özünəinamını zəiflədir, bu da gələcəkdə psixoloji travmalara yol aça bilər. Abituriyentlərə unutmamalıdırlar ki, qəbul imtahanı həyatın yalnız bir mərhələsidir. Təhsil və peşə inkişafının alternativ yolları çoxdur. Peşə təhsili, əlavə kurslar, fərdi inkişaf proqramları və müxtəlif ixtisasartırma imkanları gənclərə yeni istiqamətlər açır. Uğurun yeganə yolu ali məktəb deyil insanın özünü tanıması, bacarıqlarını inkişaf etdirməsi və ardıcıl çalışması daha önəmlidir”.

E. Rüstəmovun sözlərinə görə, bu mərhələdə valideynlərin övladlarına dəstəyi ilə yanaşı, onların özlərinin də gücdən düşməməsi və vahid məqsəd uğrunda yenidən cəhdlər göstərməsi vacibdir:

“Onu da qeyd edim ki, imtahan həyatda yalnız bir dəfə verilmir. Bu il qəbul ola bilməyən abituriyent gələn il daha hazırlıqlı şəkildə imtahan verə bilər. Vacib olan odur ki, bu müddət ərzində psixoloji hazırlıq gücləndirilsin, gənclər özlərinə qarşı motivasiyanı itirməsinlər. Bu istiqamətdə valideynlər övladlarına zaman qazandırmalı, onlara inandıqlarını göstərməli və dəstəyini əsirgəməməlidirlər. Abituriyentlər isə bu dövrü özlərini inkişaf etdirmək, çatışmazlıqları aradan qaldırmaq və məqsədlərinə yenidən fokuslanmaq üçün fürsət kimi dəyərləndirməlidirlər. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz daim abituriyentlərə və onların ailələrinə psixoloji dəstək verməyə hazırıq. Burada əsas məqsəd odur ki, cəmiyyətimizdə gənclərə qarşı anlayışlı münasibət formalaşsın, valideynlər övladlarının psixoloji sağlamlığını birinci yerə qoysunlar. İmtahan nəticəsi insan taleyini müəyyən etmir, düzgün dəstək və sağlam mühit isə övladlarımızın gələcəyini formalaşdırır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər