media-4551e8104fd5ea263b2413422e5d1877_1280x720

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bu gün start götürən “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində türk dünyasının zəngin musiqi irsi nümayiş etdirilir.

Patrul.az xəbər verir ki, Qazaxıstanın dünyaca məşhur “TURAN” Etno-Folk Ansamblı festivalda iştirak etmək üçün artıq Şuşaya gəlib. Kollektiv üzvləri qədim türk musiqi alətləri və xüsusi canavar rəmzli ənənəvi geyimləri ilə Cıdır düzündə çıxışa hazırlaşırlar.

Qrup bu gün saat 21:00-da öz geniş solo konsert proqramı ilə izləyicilərin qarşısına çıxacaq.

“TURAN” etno-folk ansamblının tanınmış üzvü, qədim üsulla boğaz (xat) ifaçılığı və müxtəlif milli musiqi alətlərində çıxış edən Jantu Dadabayev Şuşa səhnəsi ilə bağlı təəssüratlarını bölüşüb:

“Zəngin mədəni irsi və tarixi ilə seçilən qədim Azərbaycan torpağı olan Qarabağda çıxış etmək “TURAN” ansamblı üçün həmişə ən uca arzu olub”.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iki gün davam edəcək festivalın builki proqramında digər beynəlxalq səviyyəli sənətçilər də yer alır:

Uğur Işılak – Türkiyənin məşhur xalq musiqisi sənətçisi, bəstəkar və aparıcı.

Kiyoşi Ohira – Azərbaycan-türk simli alətlərinin yaponiyalı istedadlı ifaçısı.

Elvin Hoca Qəniyev – Beynəlxalq arenada tanınmış dünyaşöhrətli gənc skripkaçı.

Tədbirə həmçinin ABŞ, Özbəkistan, Türkmənistan və digər xarici ölkələrdən gələn nüfuzlu musiqi kollektivləri qatılıb.

Xatırladaq ki, “TURAN” ansamblı sonuncu dəfə Azərbaycana tam bir il əvvəl – 3 may 2025-ci il tarixində səfər etmişdi. Həmin vaxt qrup Azərbaycan Dövlət Filarmoniyasında Türk Dünyasının Həmrəylik Gününə həsr olunan “Birlik Ruhu” adlı konsert proqramında simfonik orkestrlə birgə möhtəşəm performans nümayiş etdirib.


Bənzər xəbərlər