“Epşteyn sənədlərində Azərbaycanın adı cinayətlə deyil, yalnız bununla bağlı hallanır” - Ali Sultanov
Son günlərdə qlobal informasiya məkanında səs-küyə səbəb olan Ceffri Epşteyn işi təkcə hüquqi və etik müstəvidə deyil, həm də siyasi və informasiya təhlükəsizliyi kontekstində müzakirə olunur. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan iddialar Epşteyn işi üzrə sənəd toplusunun COVID-19 pandemiyası ilə əlaqələndirilməsi, eləcə də sənədlərdə ayrı-ayrı dövlətlərin və şəxslərin adlarının hallanması ilə bağlı sualları daha da artırıb. Bu müzakirələr fonunda rəsmi təsdiqlənmiş faktlarla manipulyativ iddiaların sərhədi getdikcə bulanıqlaşır və mövzu beynəlxalq informasiya savaşı prizmasından da dəyərləndirilir.
Bəs Epşteynlə COVID-19 arasında hər hansı real əlaqə varmı, yoxsa bu iddialar konspirativ yanaşmaların məhsuludur? Epşteyn işi ilə bağlı yayılan sənədlərdə Azərbaycanın adının hallanması təsadüfi detal kimi qiymətləndirilməlidir, yoxsa bunun arxasında siyasi manipulyasiya və məqsədli informasiya təsiri elementləri dayanır?
Bu mövzu ilə bağlı analitik və siyasi şərhçi Ali Sultanov Patrul.az-a açıqlamasında bildirib ki, Epşteyn sənədlərində Azərbaycanın adı əsasən səyahətlərlə bağlı hallanır və bu, ölkənin və ya vətəndaşların hansısa cinayətdə iştirak etdiyi anlamına gəlmir:
“İlk öncə bunu qeyd edim ki, adın çəkilməsi ittiham demək deyil. Epşteyn kimi fiqurun yazışmalarında onlarla ölkənin, şəhərin, otelin, hava limanının və tədbirin adı keçir və bu, avtomatik olaraq həmin ölkənin hansısa cinayətdə iştirak etdiyini və ya günahkar olduğunu göstərmir. Azərbaycanın adı da bu sənədlərdə əsasən səyahətlərlə bağlı hallanır. Hələlik dərc olunan materiallar arasında Azərbaycanın nüfuzuna birbaşa təsir edəcək hər hansı sənəd yoxdur. Burada önəmli olan təkcə Epşteyn sənədlərində konkret olaraq nə yazıldığı deyil. Məsələ ondadır ki, bu sənədlər mediada çox vaxt yanlış və səthi şəkildə şərh olunur. İnsanların əksəriyyəti düşünür ki, Epşteyn adlı bir şəxs dünyanın müxtəlif yerlərindən uşaqları qaçırıb, yeniyetmə qızları fahişəliyə məcbur edib, şantaj şəbəkəsi quraraq dünyadakı nüfuzlu insanları öz istəklərinə uyğun yönləndirib. Halbuki mesajlardan göründüyü qədərilə reallıq tam olaraq belə deyil. Yazışmalardan məlum olur ki, onun dırnaq arası əyləncə adasına öz istəyi ilə getmək istəyənlər də olub. Yəni məsələ təkcə zorakılıq və şantajdan ibarət deyil. Əlbəttə, işin ezoterik tərəfləri barədə də danışılır: uşaqların və qadınların ritual məqsədlərlə qurban verilməsi, təcavüz və sair kimi iddialar var. Amma əsas sual sənədlərin sayında deyil, bu sənədlərdə adı keçən neçə nəfərin real istintaqa cəlb olunmasındadır. Cavab isə açıqdır, sıfır. Mediada bu qədər geniş müzakirə aparılmasına baxmayaraq, indiyə qədər faktiki olaraq heç kim saxlanılmayıb. Söhbət olduqca ciddi ittihamlardan gedir və bu işdə çox sayda tanınmış şəxsin adı keçir: Bill Gates, İlon Mask, Donald Tramp, Noam Chomsky, Richard Dawkins, Jens Stoltenberg, Bill Clinton, Bush ailəsi, Stephen Hawking və sair. Yəni məsələ təkcə siyasətçilərlə məhdudlaşmır, incəsənətdən tutmuş iri şirkətlərə və qlobal elita nümayəndələrinə qədər geniş bir çevrəni əhatə edir”.
A.Sultanov vurğulayır ki, Epşteyn şəbəkəsi təkcə şantajdan ibarət olmayıb, müxtəlif nüfuzlu şəxslər onunla professional və strateji məsələlərdə əlaqə saxlayıblar:
“Bütün bunlar onu göstərir ki, Epşteyn sadəcə təkbaşına şantaj şəbəkəsi quran biri olmayıb və bu şəbəkə yalnız Epsteindən ibarət deyil. Onun ortağı Ghislaine Maxwell olsa da, nədənsə bu mövzuda ondan çox bəhs edilmir. Hansı ki, Honey Trap (Bal tələsi) dedikləri yəni, yeniyetmə qadınları casusluğa cəlb etmə, onları bu işə məcbur etmə kimi bir çox işin arxasında bu qadın var. Qısacası, bu sadə bir şantaj şəbəkəsi deyil. Dünyanın müxtəlif yerlərindən nüfuzlu şəxslər Epsteinlə məsləhətləşir, ondan müxtəlif mövzularda yardım istəyirdilər. Məsələn, Bill Gates pandemiya baş verməzdən illər əvvəl pandemiya simulyasiyası barədə onunla yazışıb. Keçən həftə bununla bağlı Bill Gates interview verdi. Dediyinə görə adaya getməyib və heç bir qadınla yaxınlığı olmayıb. Həmin interviewda o, Epsteinin çox sayda varlı insanları tanıması və bu vasitə ilə global sağlamlığa yardım üçün onunla görüşdüyünü bildirdi. Qəribəsi isə odur ki, Bill Gates özü də yetərincə varlı insandır hansı ki adı top 10-luqdadır. Digər bir məsələ isə Amerikali kino və televiziya prodüseri olan Barry Josephson-un 2011 ci ildə Epşteyn göndərdiyi məktub var, hansı ki məktubda eynilə belə deyilir : “Həmçinin – Bill Qeytsə verdiyin ‘kasıb insanlardan bütövlükdə necə qurtula bilərik?’ sualı barədə çox düşünmüşəm və bununla bağlı sənin üçün bir cavabım – şərhim var. Bu məsələni müzakirə etmək üçün bu gün sənə nə vaxt zəng edə bilərəm?” Digər bir məktub isə 2015-ci ilə aiddir. Kimdən gəldiyi qaraldılıb amma başlıq eynilə belədir : Pandemiyaya hazırlıq. Məktubun içində isə belə deyilir :
Xahiş olunduğu kimi, pandemiyalara hazırlıqla bağlı görüş üçün gündəliyin qaralama variantını əlavə edirəm.Gəlin növbəti addımları müzakirə edək, məsələn, ÜST-ni (WHO) və ICRC-ni rəsmi şəkildə necə cəlb etmək olar (yəni birgə brendinq).
Hörmətlə, və ümid edirəm ki, bunu uğurla reallaşdıra biləcəyik!”

Siyasi şərhçi onu da qeyd edir ki, sənədlərdə pandemiyanın adı çəkilməsə də, COVID-19 assosiasiyası, Bill Gates-in ön planda olması və seçilmiş materialların paylaşılması “Epstein sənədləri” ətrafında qorxu və şantaj ehtimalları yaradır:
“Burada hansı pandemiyadan danışıldığı konkret olaraq bilinməsə də, insanların ağlına covid-19-un gəlməyi təəccüblü deyil. Çünki pandemiya müddətində ən çox görünən sima Bill Gates idi.
Sənədlər əlbəttə ki, hər şeyi tam açıqlamır, çünki sanki materiallar kimlərsə tərəfindən seçilərək paylaşılır. Elə buna görə də “Epstein sənədləri” ətrafında qorxu atmosferi formalaşıb. Çünki sənədlərdə adı keçməyən çoxlu sayda şəxs var və ehtimal olunur ki, bu materialları əlində saxlayanlar həmin şəxslərə “səssiz qal, yoxsa səni də açıqlayarıq” mesajı verirlər.
Son baş verənlər insanların sistemə olan inamını ciddi şəkildə sarsıdıb. Əsas məhkəmələrin niyə hələ də konkret və ciddi addım atmadığı sual doğurur. Ortaya suallar çıxır: bütün bunlar baş verən zaman FBI, CIA, miqrasiya xidmətləri nə ilə məşğul idi? Bu da onu göstərir ki, Epşteyn işi ondan qat-qat böyükdür və ABŞ-də bu məsələnin həqiqətən üzərinə gedilib-getməyəcəyi hələ də açıq sual olaraq qalır.
Bəli, bu sənədlər şantaj vasitəsi kimi dərc olunmuş ola bilər. Amma eyni zamanda insanların böyük əksəriyyətinə göstərdi ki, insan haqları və demokratiya kimi gözəl səslənən anlayışlar çox vaxt sadəcə söz olaraq qalır”.
Cəmilə Cəfərzadə






