Ərazidə alternativ yol yoxdur - sakinlər zibil konteynerlərinin arasından keçməyə məcburdur - VİDEO
Xətai rayonunda zibil konteynerlərinin yolun ortasına qoyulması sakinlərin narazılığına səbəb olub.
Patrul.az xəbər verir ki, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında yerləşən ərazidə zibil konteynerlərinin piyadaların gediş-gəliş yolunun üzərində yerləşdirilməsi ciddi narazılıq yaradıb. Sakinlərin sözlərinə görə, konteynerlər elə qoyulub ki, insanlar məcburən onların arasından keçməli olurlar və alternativ piyada yolu mövcud deyil.
Şikayət edən vətəndaşlar bildirirlər ki, bu vəziyyət həm hərəkətə çətinlik yaradır, həm də sanitar baxımından ciddi narahatlıq doğurur. Yol boyu yayılan kəskin qoxu ətraf sakinləri narahat edir, piyadalar isə keçid zamanı konteynerlərə toxunmamaq üçün xüsusi diqqətlə hərəkət etməli olurlar.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların tezliklə tədbir görəcəyinə ümid edirlər.






